"Dəqiq olan odur ki, Riçard Almeyda ilə maliyyə məsələsində razılaşmadıq. Təklifimiz isə hələ də qalıb. Biz öz təklifimizi təqdim etmişik".
"Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Riçard Almeydanın komandada qalma ehtimalı barədə danışarkən deyib. 48 yaşlı mütəxəssis Azərbaycan millisinin formasını geyinən 31 yaşlı yarımmüdafiəçinin Ağdam klubunda qalmaq istədiyini söyləyib: "Açığı, düşünmək üçün bizdən bir az vaxt da istədi. Həm yaşına görə, həm də düşündü ki, ailəsi ilə məsləhət etməlidir. Braziliyaya gedib, bu məsələ açıq qalıb".
Qurbanov Braziliya əsilli oyunçunun yoxluğunun komandaya nə dərəcədə təsir edəcəyindən də söz açıb: "O, bizim əsas oyunçularımızdan biridir. Neçə illərdir ki, komandadadır. Almeyda olmasa, başqa variantlara əl atmalıyıq. Çalışmalıyıq ki, onun yoxluğunu hiss etdirməyək. Amma Almeydanın da üstün cəhətləri var idi. Hər bir halda onun qərarına hörmətlə yanaşırıq. Qarşıdakı günləri gözləyirik".
Qeyd edək ki, 2012-ci ilin iyunundan “Qarabağ”da çıxış edən Riçard Almeyda 2018-ci ilin yayında “Astana”ya keçib. 2019-cu ilin yanvarında isə Ağdam təmsilçisi onu 1 illik icarəyə götürüb.