Kişi basketbolçular arasında kiçik ölkələrin Avropa çempionatının püşkü atılıb.
Almaniyanın Frayzinq şəhərində baş tutan tədbirdə Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yığmamız Ermənistan, İrlandiya və Andorra ilə B qrupunda mübarizə aparacaq. Qrupun matçları 2020-ci il iyunun 29-dan iyulun 4-dək Limerik şəhərində təşkil olunacaq.
Digər qrupda Malta, Cəbəllütariq və San-Marino basketbolçuları oynayacaqlar.
16 yaşadək oğlan basketbolçulardan ibarət yığma isə C divizionunda qüvvəsini sınayacaq. Püşk komandamızı A qrupunda Uels, Andorra, Moldova və Şotlandiyaya rəqib edib. Qrupun qarşılaşmaları iyulun 11-19-da Kosovanın paytaxtı Priştinada keçiriləcək.
Digər qrupda meydan sahibləri ilə yanaşı, Albaniya, Ermənistan, San-Marino, Cəbəllütariq və Malta gücünü yoxlayacaq.
Qeyd edək ki, ümumilikdə 18 turnir üzrə yarışların püşkü atılıb. /Apasport