Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev 2020-ci il Avropa çempionatında iştirak etməyəcək.
Bu barədə "Report"a 28 yaşlı idmançının özü məlumat verib. 65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu qərarını 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirə daha ciddi hazırlaşmaq istəyi ilə əlaqələndirib. "Məşqçilər heyətimizin Avropa çempionatında 65 kq çəkidə Turan Bayramov və ya Əli Rəhimzadəyə şans verəcəklərini düşünürəm. Mənim isə hədəfim lisenziya yarışına getmək, oradan isə olimpiadaya sağ-salamat yola düşməkdir".
Qeyd edək ki, Avropa çempionatı 10 - 16 fevralda İtaliyanın paytaxtı Romada keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə, Dünya Təsnifat Turniri isə 30 aprel - 3 mayda Bolqarıstanın paytaxtı Sofiyada olacaq.