Beqovic "Qarabağ"dan gedir

23:04 - 2 Dekabr 2019 - İDMAN

"Qarabağ"ın qapıçısı: "İcarə müddətim bitəndən sonra İngiltərəyə qayıdacağam"

“Çətin oyun oldu. Matç boyu birgə mübarizə apardıq, sonadək vuruşduq”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Asmir Beqoviç deyib. Bosniya və herseqovinalı qapıçı Azərbaycan Premyer Liqasının XIII turunun “Sabah”la səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. A.Beqoviç öncə 1:0 hesablı qələbəyə şərh verib: “Bəxt üzümüzə güldü və gözəl qol vurub qalib gəldik. Təbii ki, bəxtimiz bir az çox gətirsəydi, daha çox qol vuraraq rahat qələbə qazanacaqdıq. Vacib üç xal qazandıq”.

A.Beqoviç üç xalın çətinliklə qazanılmasına təkcə hava şəraiti deyil, həm də rəqiblə əlaqələndirib. Həmçinin Avropa Liqasının “Sevilya” ilə görüşündən sonra bu matça köklənmə barədə danışıb: “Təbii ki, yağış, külək oyuna təsir edir. Amma rəqib də yaxşı komanda idi. Təşkilatlanmış oyun nümayiş etdirirdilər. Fərqli turnirlər, fərqli çağırışlardır. Hər oyun önəmlidir. İndi Premyer Liqaya köklənməliyik. Bunu edib üç xal qazandıq”.

Legioner mövsümün ilk yarısından sonra “Qarabağ”dan gedəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib: “Burda yeni bir şey yoxdur. Onsuz da icarə müddətim yanvarın 1-nə qədərdir. Bu müddət bitəndən sonra İngiltərəyə qayıdacağam. İstərdim ki, uzun müddət burda qalım. Baş məşqçi, komanda yoldaşlarım... Bakı gözəl şəhərdir. Amma bu təkcə mənim istəyimdən asılı deyil. İki klub arasında olan məsələdir”.

Qeyd edək ki, Beqoviç müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsusdur. 

Xəbər xətti