İngiltərənin "Arsenal" klubu baş məşqçisi Unay Emerini istefaya göndərib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə yollar komandanın uğursuz çıxışlara görə ayrılıb. London təmsilçisi ispaniyalı məşqçinin rəhbərliyi altında ardıcıl 7 oyun qələbə qazana bilməyib. Bu, 27 il ərzində komandanın ən uğursuz göstəricisi olub.
Qeyd edək ki, Unay Emeri 2018-ci ilin yayından "Arsenal"a rəhbərlik edib. London təmsilçisi bu il Bakıda keçirilən Avropa Liqasının finalında "Çelsi"yə uduzub - 1:4. "Topçular" İngiltərə Premyer Liqasında 13 turdan sonra 18 xalla 8-ci pillədədir.