AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı müəyyənləşib.
Qurum rəhbərliyi yığıncağı dekabrın 17-də keçirməyi planlaşdırır. İclasın gündəliyində duran əsas məsələ Azərbaycan milli komandasının baş məşqçisi məsələsi olacaq. Komitə üzvləri AVRO-2020-nin seçmə mərhələsindəki uğursuzluğu müzakirə edəcək, baş məşqçi Nikola Yurçeviçin postunda qalıb-qalmamasına qərar verəcək.
Müqaviləsi 2020-ci ilin fevralında başa çatacaq xorvatiyalı çalışdırıcının indidən istefaya göndəriləcəyi, yoxsa anlaşması uzadılmayacağı və ya vəzifəsində saxlanılacağına da həmin yığıncaqda aydınlıq gələcək. Hələlik isə N.Yurçeviç Bakıda, işinin başındadır.
AVRO-2020-nin seçmə mərhələsi başa çatsa da, mütəxəssis müqaviləsinin şərtlərinə sona qədər əməl etməyi daha düzgün sayır. Bu səbəbdən də N.Yurçeviç tsiklin Slovakiya ilə son oyunundan sonra ölkəsinə yollanmayaraq, milli üzvləri ilə birgə Bakıya gəlib.
Hazırda məşqçi ilə birlikdə ailəsi də Azərbaycandadır. Çalışdırıcı Azərbaycan Premyer Liqasında XII turun oyunlarını da canlı izləyib. /apasport