Bosniya və Heresqovina yığmasının baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin atası Amir Beqoviçin onunla bağlı dediyi fikirlərə münasibət bildirib.
50 yaşlı mütəxəssis "Federal TV"yə müsahibəsində ittihamlara cavab verib. Prosineçki 32 yaşlı qolkiperi yığmaya çağırmamasının səbəbini yenidən açıqlayıb: "Asmir Beqoviç uzun müddət oynamadı. Çıxış yolu tapdı və "Qarabağ"a getdi. Çox yaxşı çıxış edir. Biz bundan məmnunuq. Hər kəsin öz fikirləri var. Amir Beqoviç də ittiham etmək hüququna malikdir. Mən buna çox əhəmiyyət vermirəm. Bilirik ki, milli komanda üçün əlimizdən gələni edirik".
A.Beqoviç sonuncu dəfə ötən ilin oktyabrında milliyə çağrılıb və ehtiyatda qalıb. Prosineçki bu dəfə “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç (“Erzurmspor”, Türkiyə), Kenan Piriç (“Maribor”, Sloveniya) və Yasmin Buriçə (“Hapoel” Hayfa, İsrail) dəvət göndərib.
Qeyd edək ki, Asmir Beqoviçin atası Amir Beqoviç vaxtilə Azərbaycan millisinə rəhbərlik etmiş Robert Prosineçkini təlxək adlandırıb: “Asmirin yığmaya dəvət almaması Futbol İttifaqının prezidenti ilə bağlıdır. Bu təlxək, sadəcə, bir alətdir”.
Bosniya və Herseqovina millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 15-də İtaliyanı qəbul edəcəyi halda, 3 gün sonra Lixtenşteynin qonağı olacaq. Robert Prosineçkinin komandası hazırda J qrupunda 10 xalla 4-cü sıradadır və seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını böyük ölçüdə itirib./report