"Qarabağ"ın ispaniyalı legioneri: "Sevilya" ilə matça qələbə istəyi ilə gedəcəyik”

23:18 - 10 Noyabr 2019 - İDMAN

"Ağır oyun oldu. Rəqib bizə çətin anlar yaşatdı. Amma istənilən halda, fikimcə, nəticəni ədalətli saymaq olar. İndi növbəti oyunlara köklənməliyik".

Bunu "Qarabağ"ın futbolçusu Xayme Romero evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XI tur matçından sonra mətbuat konfransında deyib. İspaniyalı yarımmüdafiəçi qələbə təqdirində, vaxtından əvvəl qış çempionu ola biləcəklərini anlasalar da, rəqib buna imkan verməyib: "Zirə" bizi yaxşı analiz etmişdi. Haradan onlara çətinlik yaradıb zərbə endirəcəyimizi öyrənib, bütün boşluqları bağlamışdılar. Ona görə də bizə çətin oldu. Qalib gəlsəydik, ən yaxın izləyicimiz "Keşlə" ilə xal fərqini 10-a çatdıracağımızı başa düşürdük. Amma nə etmək olar? Belədir vəziyyət".

29 yaşlı oyunçu Premyer Liqadakı rəqabətsizliyin onları arxayınlaşdırdığı fikri ilə razılaşmayıb: "Hər bir futbolçumuz meydana qələbə üçün çıxır. Qalib gəldikdə, əhval-ruhiyyə də yaxşı olur, özünü yaxşı hiss edirsən. Rəqibin çıxışını qeyd etmək lazımdır, müdafiədə çox yaxşı oyun sərgilədilər".

Romero "Qarabağ"a yeni gəldiyi vaxt yaxşı təsir bağışlasa da, sonradan zədələrlə üzləşməsini təbii hal sayıb: "Zədələr futbolun bir hissəsidir. Bunsuz mümkün deyil. Ya kimsə arxadan gəlib ayağına zərbə vurur, yaxud yıxılırsan və çiynin çıxır. Futbolda belə halları nəzarətdə saxlamaq çox çətindir. Bu cür zədələrdən sonra yaşıl meydanlardan uzaq qalırsan. Yenidən qayıtmaq və formanı bərpa etmək zaman alır".

Təcrübəli legioner noyabrın 7-də Kiprdə APOEL-ə 1:2 hesabı ilə uduzduqları oyun barədə də danışıb: "Belə matçlarda daha çox qələbə qazanmaq istəyən də, bunun əziyyətini çəkə də biz oluruq. Tale yüklü oyun olduğunu bilirdik. Amma standart vəziyyətlərdən 2 top buraxdıq. Vəziyyət göz qabağındadır. Təbii ki, bunu istəməzdik".

Romero noyabrın 28-də İspaniyada "Sevilya"ya qarşı keçirəcəkləri V tur matçından qələbə gözlədiyini söyləyib: "Yolumuza davam etmək istəyiriksə, qalib gəlməliyik. "Sevilya" ardıcıl 4 qələbə qazanıbsa, bu, o demək deyil ki, daim belə davam edəcəklər. Bu seriya nə vaxtsa, qırılmalıdır. Ola bilsin, bu, bizimlə oyuna təsadüf etsin. Səfər matçına qələbə düşüncəsi və istəyi ilə gedəcəyik"./report

Xəbər xətti