“Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq".
Bunu futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Kiprin APOEL komandası ilə keçiriləcək Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunundan əvvəl təşkil edilmiş mətbuat konfransında deyib.
Qurban Qurbanov matç barədə fikirlərini açıqlayıb: "APOEL doğma meydanında oynayacaq. 90 dəqiqə eyni tempi qoruyub saxlaya və ancaq hücumda ola bilmərik. Hücumlarımız müdafiədən və əks-hücumlar üzərində ola bilər. Maksimum çalışacağıq ki, rəqibi öz meydanımızdan uzaqda qarşılayaq. Futbolda bəzən 90 dəqiqə topa nəzarət edirsən, amma vurduğun qollar əks-hücumlardan olur. Son vaxtlar belə qollara çox rast gəlirik. Görünür ki, rəqib özünü maksimum şəkildə qələbəyə, hücumda oynamağa kökləyib. Bu da normal haldır. Biz başqa cür də gözləmirdik. Hər bir halda, əks-hücumlarda, topa nəzarətdə, öz meydanımızda maksimum diqqətli olmağa çalışacağıq”.
Qeyd edək ki, Kiprin "GSP stadionu"nda baş tutacaq qarşılaşma noyabrın 7-də Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.