“Bizim üçün hər oyun vacibdir. Onlardan biri də sabahkı görüşdür”.
Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin III turunda sabah Kipr APOEL-lə üz-üzə gələcək. Matçöncəsi keçirilən mətbuat konfransında təcrübəli mütəxəssis qələbəyə kökləndiklərini bildirib: “Hamımız qələbə gözləyirik. Hər zaman intizamlı oyun göstərməyə çalışırıq. Pis hazırlaşmamışıq”.
O, komandasındakı zədəlilərin durumu barədə də danışıb: “Mahir Emreli və Romero Xayme komanda ilə məşqlərə başlayıb. Amma son qərarı sabahkı məşqdən sonra verəcəyik. “18-lik”də olmaq ehtimalları çoxdur. Araz Abdullayevin adı da böyük ehtimalla iştirak ərizəsində olacaq”.
Q. Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşdıqları APOEL-lə indiki komanda arasındakı fərqləri də açıqlayıb: “Həmin vaxt yeni baş məşqçi gəlmişdi, komanda həddən artıq istəkli idi. Bundan narahat idik. Hansı oyun üslubunda oynayacaqlarını da bilmirdik. Bunu da təxmin etmişdik. Bizim üçün asan olmadı. Amma artıq daha çox bir yerdə olublar. Düşünürəm ki, indi daha təcrübəlidirlər və biz çətinliklərə hazır olmağa çalışırıq”.
Çalışdırıcı “Qarabağ”ın qrupdan çıxmaq şansını dəyərləndirməkdən imtina edib: “Əvvəlki turdakı nəticələri də gördünüz. APOEL-in evdə “Düdelanj”a məğlub olmasını heç kim gözləmirdi. Məncə, bu oyuna görə fikir bildirmək düzgün olmaz.
Düşünürəm ki, son tura qədər mübarizə gedəcək. Hər üç komandanın qrupdan çıxmaq şansı var. 3-cü dəfə qarşılaşacağımız APOEL-in psixoloji cəhətdən üstün cəhətləri var. Mənfi tərəfləri də var. Hər iki komanda üçün asan olmayacaq. Hər iki komanda bir-birini daha yaxından tanıyır, yaxşı analiz edə bilər. Həddən artıq istəkli olmalıyıq. Üstünlüyü bunda axtarmalıyıq. Oyun üslubumuzu yaxşılaşdırmalı və istəyimizi də artırmalıyıq. Çempionatda bir rəqibə qarşı eyni mövsümdə 4 dəfə qarşılaşırıq. Məcburuq ki, bu dəfə daha ciddi yanaşaq”./Apa