Kassasiya şikayəti hansı hallarda verilə bilər

18:08 - 14 Fevral 2019 - KİVDF

 Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdir

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-ci maddəsi apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan, andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən kassasiya şikayəti və kassasiya protestinin verilməsi qaydasını tənzimləyir. Bu maddənin bəndlərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.

Kassasiya şikayəti və ya kassasiya protesti  isə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına(408.2.4); apellyasiya məhkəmələrinin cinayət işləri üzrə məhkəmə kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə kollegiyasına; Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına; apellyasiya məhkəmələrinin hərbi kollegiyaları tərəfindən çıxarılmış hökm və qərarlardan - Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasına verilə bilər(408.2.7).

Həmin Məcəllənin 409-cu maddəsində isə belə şikayət və protest vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi müəyyənləşdirilib. Bu maddəyə görə məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, zərər çəkmiş şəxs (xüsusi ittihamçı) onun qanuni nümayəndəsi və ya nümayəndəsi, mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri kassasiya şikayəti vermək hüququna, apellyasiya instansiyası məhkəməsinin icraatında iştirak etmiş dövlət ittihamçısı və ya Azərbaycan Respublikasının Baş Prokuroru və ya onun müavini kassasiya protesti vermək hüququna malikdir. Bundan başqa, barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsi yalnız hüquqi şəxsin mənafeyinə aid hissədən şikayət vermək hüququna malikdir.

Bununla belə birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya protesti vermək hüququna malik olan şəxslərdən hər hansı birinin məhkəmənin qərarı ilə razılaşdıqlarına görə yaxud başqa səbəbdən bu hüquqdan istifadə etməməsi, onların həmin işə sonrakı məhkəmə instansiyalarında baxılması üçün kassasiya şikayəti və ya kassasiya protesti vermək hüququnun olub-olmaması barədə qanuna birbaşa göstəriş olmadığından və bu hal təcrübədə fikir ayrılığına səbəb olduğundan Azərbaycan Respublikasının Ali Məhkəməsi Cinayət-Prosessual Məcəlləsinin 409-cu maddəsinin şərh olunmasını gündəmə gətirir.

Cinayət-Prosessual Məcəlləsinin təyinatı cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təsdiqləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir.

Azərbaycan Respublikasının Konstitusiyasına və cinayət prosessual qanunvericiliyinə əsasən cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi prinsipi əsasında həyata keçirilir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.21-ci maddəsinə əsasən  ittiham tərəfi — birlikdə götürülmüş təhqiqatçı, müstəntiq, prokuror, həmçinin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçıdır, 7.0.28-ci maddəsinə görə isə müdafiə tərəfi — birlikdə götürülmüş şübhəli və ya təqsirləndirilən şəxs, onun müdafiəçisi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, onun müdafiəçisi və mülki cavabdehd tərəfi hesab olunur.

İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfi isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir. (Cinayət-Prosessual Məcəlləsinin 32-ci maddəsi).

Qanunverici tərəfindən cinayət-mühakimə icraatının çəkişmə prinsipinə müvafiq olaraq həyata keçirilməsinin müəyyənləşdirilməsi, tərəflərin müəyyən hədlərdə prosessual müstəqilliyinin təmin olunmasına, onların prosessual mövqe və məqsədlərinin konkretləşdirilməsinə, həmçinin prosessual funksiyaların tarazlaşdırılmasına yönəlmişdir.
İttiham və müdafiə tərəflərinin çəkişməsi cinayət mühakimə icraatının bütün mərhələlərini əhatə edir və məhkəmə tərəfindən qanuni, əsaslı və ədalətli hökm çıxarılmasına şərait yaradır.

Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulan digər prinsiplər də (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi, Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması, təqsirsizlik prezumpsiyası və s.) cinayət mühakimə icraatında tərəflərin və cinayət prosesində iştirak edən digər şəxslərin prosessual hüquq və vəzifələrinin dolğun yerinə yetirilməsinə təminat verir.
Azərbaycan Respublikası Konstitusiyasının 60 və 65-ci maddələrinə əsaslanan vacib prinsiplərdən biri də qeyd olunan Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunmasıdır.

Həmin maddəyə görə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.  Məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək  barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək; barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək hüquqları həyata keçirir. Məhkumun bu Məcəllənin yuxarıda qeyd olunan bəndlərdə nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.
Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçılarının cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.

Cinayət-Prosessual Məcəlləsinin təhlilindən aydın olur ki, qanunverici yuxarı məhkəməyə (appelyasiya, kassasiya instansiya məhkəmələri) şikayət etmək hüququnun təmin olunmasını tənzimləyərkən məhkəmə instansiyalarında işə baxılması ardıcıllığına riayət edilməsini şərtləndirib. Belə ki, birinci instansiya məhkəmələrinin hökm və ya qərarlarından appelyasiya şikayəti (protesti) apellyasiya instansiyası məhkəməsinə, onun hökm və qərarlarından, habelə andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən kassasiya şikayəti (protesti) kassasiya instansiyası məhkəməsinə verilməlidir. Beləliklə, andlı iclasçıların iştirakı ilə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökmlər istisna olmaqla birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan şikayət (protest) appelyasiya instansiyası məhkəməsinə verilir.

Qeyd edilməlidir ki, şikayət etmək hüququna malik olan şəxslərin bu hüquqdan istifadə etməsi onların iradə sərbəstliyinə əsaslanır.

Xəbər xətti