İşəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər əmək müqaviləsində nəzərdə tutulur
Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam işləmək hüququ təsbit olunub, Əmək Məcəlləsində, eləcə də müvafiq normativ-hüquqi aktlarda əməyin mühafizəsi ilə bağlı hüquqi əsasları formalaşıb. Əmək Məcəlləsinin 207-239-cu maddələri əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərinə aiddir. Məcəllənin bu maddələrinə uyğun olaraq, texniki təhlükəsizlik, əməyin gigiyenası, sanitariya, müalicə-profilaktika məsələlərinə dair çoxsaylı qanunvericilik aktları da qəbul edilib. Qabaqcıl dünya təcrübəsinə əsasən, müəssisədə əməyin mühafizəsinin yüksək səviyyədə təşkili sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bərabər, əməyin səmərəliliyinin artırılmasında, keyfiyyətli məhsul istehsalında da vacib şərtlərdən biri kimi qəbul olunub. Əməyin mühafizəsinin təmin olunması və istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün ilk növbədə işəgötürənlər tərəfindən işə cəlb olunmuş bütün işçilərlə bağlanmış əmək müqavilələri elektron informasiya sistemində qeydiyyatdan keçirilir. MDB məkanında ilk dəfə olaraq 2014-cü ilin iyul ayında Azərbaycanda tətbiqinə başlanılan əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemi əmək hüquqlarının təminatına dövlət nəzarəti sahəsində müasir, çevik və şəffaf idarəetmə mexanizmi formalaşdırmaqla, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələlərinə də nəzarət imkanı verir.
Qeyd edək ki, əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda, həmçinin xüsusi temperatur şəraitində aparılan və ya çirklənmə ilə bağlı işlərdə çalışan işçilərə müəyyən edilmiş normalara müvafiq pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri, yuyucu və dezinfeksiyaedici maddələrin verilməsi Əmək Məcəlləsinin 222-ci maddəsinin 4-cü bəndində öz əksini tapıb. Bu maddənin digər bəndlərində bildirilir ki, işəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etməli və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm olaraq və vaxtında məlumat verməlidir. Buistiqamətdə işəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayıb həyata keçirir. Bundan başqa, işəgötürənlə işçilər arasında sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi üzrə qarşılıqlı öhdəliklər kollektiv müqavilədə, əmək müqaviləsində nəzərdə tutulur. Qeyd edək ki, işəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiya aparmalı, attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verilməli, iş yerləri attestasiyasının nəticələrinə əsasən onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün lazımi tədbirlər görməlidir.
İşəgötürən işçilərə verilmiş xüsusi geyimin və ayaqqabının, digər fərdi mühafizə vasitələrinin saxlanılmasını, yuyulmasını, qurudulmasını, dezinfeksiyasını, deqazasiyasını, dezaktivizasiyasını və təmirini təmin etməli, qanunvericilikdə nəzərdə tutulmuş hallarda istehsalat sahələrini qazlı və duzlu su ilə təchiz etməlidir (AR ƏM-in 222-ci maddəsinin yeddinci bəndi). İşəgötürən ilin soyuq və isti vaxtlarında açıq havada, yaxud qızdırılmayan qapalı binalarda və isti sexlərdə çalışan işçilərin isinməsi və ya istirahəti üçün otaqlar hazırlamalıdır (AR ƏM-in 222-ci maddəsinin səkkizinci bəndi). Bəzən elə hallar olur ki, işçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilir. Bu zaman qüvvədə olan əmək qanunvericiliyi işəgötürənin üzərinə belə işə qəbul olunan işçilərin peşə xəstəliyinə tutulmağın ehtimalı olunan müddəti barədə xəbərdar etmək vəzifəsini qoyur. Yəni işəgötürən həmin işçiləri bu barədə hökmən xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərti ilə başqa iş verilməlidir. Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari şəxsi sığorta edilməlidirlər.
Şəxsi sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilir. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanılarkən onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir. Əgər işçi səhhəti ilə əlaqədar olaraq əvvəlki işi yerinə yetirə bilmirsə və bu səbəbdən daha yüngül işdə işləməyə ehtiyacı vardırsa, işəgötürən həmin işçilərin razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur. AR ƏM-in 232-ci maddəsinin birinci bəndinə əsasən işçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə orta əmək haqqı saxlanılır. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır (AR ƏM-in 232-ci maddəsinin ikinci bəndi).
İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir. (AR ƏM-in 232-ci maddəsinin üçüncü bəndi). İşçilərin əməyin mühafizəsi üzrə hüquqları onların bu sahədəki müəyyən vəzifələri üzrə uzlaşdırılmalıdır.
İşçilər üçün təhlükəsiz və sağlam əmək şəraitinin təmin olunması vəzifəsi işəgötürənin üzərinə qoyulur. İstehsalat binaları, tikililər, avadanlıq, texnoloji proseslər təhlükəsiz və sağlam əmək şəraitini təmin edən tələblərə cavab verməlidir. Qüvvədə olan əmək qanunvericiliyi ilə işəgötürənin riayət etməli olduğu digər tələblər də təsbit olunmuşdur. Belə ki, qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal vasitələrinin hazırlanmasına və buraxılmasına, texnologiyaların tətbiqinə yol verilmir. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin istismarı onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan3 tərəfindən dayandırılmalıdır.
Əmək Məcəlləsinin 217-ci maddəsilə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydaları tənzimlənir. Bu maddədə bildirilir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra isə işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır.
Xatırladaq ki, bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması isə bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
(davamı var)