Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı T.Kakabidzenin cinayət əməlinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib və onun 8 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, bu il aprelin 21-də Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı Tarieli Kakabidzenin idarə etdiyi “Renault” və Bakı şəhər sakini Eldar Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Əliyev və sərnişini, paytaxt sakini Pərviz Məmmədov orada ölüb.trend