"Həm Azərbaycandan, həm də xaricdən şirkətlər maraqlandı, dünya azərbaycanlılarından da maraq gördüm".
Ucnoqta.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “BBC News Azərbaycanca”ya deyib, Onun sözlərinə görə, sosial şəbəkədəki statusundan sonra böyük dəstək görüb.
Ş.Məmmədyarov bir müddət öncə Facebook hesabında sponsoru olmadığını, pul qazanmaq üçün hər oyuna getməyə məcbur qalmaqdan yorulduğunu bildirmişdi.
Amma qrossmeyster hələ ki sponsor seçiminə qərar verməyib. Təfərrüatlı danışmaqdan imtina edən şahmatçı Gürcüstanın Batumi şəhərində sentyabrın 23-də başlayacaq Şahmat üzrə Olimpiadaya hazırlaşdığını deyib.
Şəhriyar Məmmədyarov Olimpiadadan qabaq öz Facebook hesabından açıqlama verəcəyini vəd edir: "Olimpiada mənim üçün çox vacibdir, bura hazırlaşıram. O ərəfədə açıqlama verəcəm. Bilirəm ki, hamı məndən cavab gözləyir".
Azərbaycan Şahmat Federasiyası ilə arasında heç bir problem olmadığını söyləyən şahmatçı buna sübut kimi milli komandanın tərkibində Olimpiadaya hazırlaşdığını göstərib:
"Əgər hər hansı problem olsaydı, komandanın tərkibində olmazdım".