Dostunu öldürənə AĞIR CƏZA

13:19 - 14 Mart 2018 - HADİSƏ

Dostunu öldürməkdə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
 
Hakimlər kollegiyasının hökmünə əsasən, Rəcəb Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
 
Xatırladaq ki,  dövlət ittihamçısı çıxışında R.Məmmədovun 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
 
Qeyd edək ki, qətl  ötən il iyun ayının 24-də baş verib. Suraxanı qəsəbəsində yaşayan R.Məmmədov evində münaqişə zəminində tanışı Fərhad Mehdiyevi bıçaqla qətlə yetirib.
 
Rəcəb Məmmədov istintaqda ifadə verərkən qətli törətdiyini etiraf edib. Amma R.Məmmədov məhkəmədə fərqli ifadə verib. Deyib ki, istintaqda ifadə verən zaman yaddaşı yerində olmayıb. O, mərhumu yumruqla vurduğunu etiraf etsə də cinayəti törətmədiyini bildirib.
 
Cinayət işində daha bir nəfərin adı keçir. Qətli törətməkdə şübhəli bilinən Aleksandr Karuxin adlı şəxs təqsirləndirilən Rəcəb Məmmədovun qonşusu olub.
 
R.Məmmədov söyləyib ki, hadisə zamanı Aleksandr onun evində olub. Qətli törədən şəxs də Aleksandırdır.
 
Təqsirləndirilən şəxs söyləyib ki, mərhum Fərhad Mehdiyevlə yaxın münasibəti, tanışlığı olmayıb. Həmin gün Fərhadı və Aleksandırı evinə içki içmək üçün dəvət edib.
 
Məhkəmədə əsas şahid, adı şübhəli şəxs kimi çəkilən Aleksandr Karuxin ifadə verib.
 
O söyləyib ki, hadisə günü Rəcəb və Fərhadla içki içiblər: "Parkda içki içdik. Rəcəb turşu, xiyar da almışdı. İçəndən sonra ayrıldıq. Mən evə getdim. O da öz evinə getdi. Sonra olanlardan xəbərim yoxdur".
 
O, qətl hadisəsi törətmədiyini bildirib.
 

Xəbər xətti