Həbsdə ola-ola quldur dəstəsi yaratmaqda təqsirləndirilən "Kritı Araz" ləqəbli kriminal aləm üzvü Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə davam edib.
"Ucnoqta.az" Lent.az-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Ramiq Nəsibov ifadə verib. R. Nəsibovun dediyinə görə, əməliyyat zamanı 8 saylı cəzaçəkmə müəssisinin kamerasında 2 telefon, qulaqcıq və yaddaş kartı tapılıb: "Həmin kamerada 10 nəfər saxlanılırdı. Biz tapdıqlarımızı qanun çərçivəsində protokollaşdırdıq. Həmin zaman hal şahidi də gətirdik. Kamerada olan şəxslərdən soruşduqda "bilmirik" cavabı verdilər".
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin digər əməkdaşı da dindirilən zaman eyni məzmunlu ifadə verib.
Onlar dindirilmə zamanı söyləyiblər ki, axtarış zamanı kamerada yalnız Araz Fərəcov olub: "Axtarış zamanı digər dustaqları kameradan çıxarmışdıq. Bu, rəhbərliyin göstərişi idi".
Proses martın 27-də davam edəcək.
Qeyd edək ki, istintaqla müəyyən edilib ki, Araz Fərəcov Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisəndə cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri mütəşəkkil dəstə təşkil ediblər.
Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.
2017-ci aprelin 14-də DTX-ın əməliyyatı zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
Onlar mütəşəkkil dəstənin həbsdə olan Araz Fərəcov tərəfindən yaradıldığını bildirib.
İttihama görə, Araz Fərəcovdan başqa, Elməddin Şahbazov da həbsxanada ola-ola bu dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.
Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Krıti Araz" kimi tanınır.
Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.