Azərbaycanın dəniz sərhədini pozan İran vətəndaşları tutuldu

13:24 - 9 Mart 2018 - HADİSƏ

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.

"Ucnoqta.az" DSX-dan Modern.az-a verilən məlumata istinadən bildirir ki, 2018-ci ilin mart ayının 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində DSX Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub.

Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılmaqla həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.

Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilib, səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb, gəmilərin manevrlərilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub.

2 saat 5 dəqiqə müddətində təqibdən sonra üzmə vasitəsi saxlanılıb və baxış keçirilib.

Baxış zamanı dövlət sərhədini pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respubikasının vətəndaşları - 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib, üzmə vasitəsində və sərhəd pozucularının üzərində 2 ədəd smartfon tipli telefon, 1 ədəd “GARMİN” tipli GPS qurğusu, 1 ədəd fənər, 1 ədəd bıçaq və 9 həb “Tramadol” dərman preparatı aşkar olunub.

Dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd 1 litrlik “Qubernator” arağı aşkar olunub.
İlkin araşdırma zamanı 2018-ci ilin 15 fevral tarixində Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 ədəd bağlamada 450 ədəd 1 litrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd edilməsi müəyyən olunub.

Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Xəbər xətti