u gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Səriyyə Tahirova bildirib ki, təqsirləndirilən V.Əsədov ona 30 min manat pul ödəyib.
O, V.Əsədovdan başqa digər təqsirləndirilənlərə cəza verilməsini istəyib.
Təqsirləndirilən V.Güləli məhkəmədən vaxt istəyib. O, zərərçəkmişlərlə razılığa gəlmək istədiyini söyləyib.
Məhkəmənin növbəti iclası martın 16-na təyin edilib.
Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Güləlinin 9 il, N.Əliyevin 8 il 6 ay, C.İbayevin 8 il, V. Əsədovun 7 il 6 ay, A. İsmayılovun 3 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, ittiham aktına əsasən C.İbayev, V.Əsədov, V.Güləli, A.İsmayılov və N.Əliyev bir qrup vətəndaşın etibarından sui-istifadə edərək, onlara qarşı dələduzluq edib.
Belə ki, həmin şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəkləri vədi veriblər. Onlar qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Bundan başqa, təqsirləndirilən şəxslər digər vətəndaşlara da qarşı dələduzluq ediblər.
C.İbayev, V.Əsədov, V.Güləli və N.Əliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
V.Əsədov, A.İsmayılov və C.İbayev barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Xatırladaq ki, V.Güləli ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki, V.Əsədov isə Pentensiar Xidmətin sabiq əməkdaşıdır.