Sevinc Babayevanın oğlu Ali məhkəməyə müraciət etdi — Şikayət

16:17 - 5 Mart 2018 - HADİSƏ

Arvadını bıçaqlamaqda təqsirləndirilən 1989-cu il təvəllüdlü Ayxan Məmmədov barəsində olan məhkəmə qərarından kasasiya şikayəti verib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Ayxan Məmmədovun şikayəti Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun icraatına verilib. 

İlkin baxış iclası martın 6-na təyin edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ayxan Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ayxan Məmmədov apellyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ayxan Məmmədovun şikayəti təmin edilməyib. 

Ittihama görə, hadisə 2016-cı ilin fevralın 4-də Binəqədi rayonunda baş verib. Binəqədi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov həyətdə arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub. Ayxan Məmmədovu polis saxlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə rektor arasında vasitəçilik edən Sevinc Babayevanın oğludur.

Sevinc Babayeva “İnterpol” xəttiylə axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərindəki hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Xəbər xətti