Yanğın necə baş verdi? - Video

15:36 - 2 Mart 2018 - HADİSƏ

Bu gün səhər saatlarında Respublika Narkoloji Mərkəzdə baş verən yanğında ilkin məlumata görə, 25 nəfər ölüb. 
 

Zığ şossesindən Mərkəzə gedən yol darısqal və narahat olduğu üçün öncə əsas yoldan yanğın yerinə kimi təxminən 450 metr  yolu yanğınsöndürən maşınların su boruları uzanmışdı. Şosse kənarında dayanan maşınlar suyu 450 metr kənardakı obyektə vururdular.
 

Hadisə yerinə təcili yardım xidməti əməkdaşları və hüquq-mühafizə orqanlarının işçiləri cəlb olunmuşdu. Polis ərazidə ictimai asayişi bərpa etmək üçün növbə çəkirdi. Təhlükəsizlik məqsədi ilə həm xəstə yaxınlarını, həm də dispanserin ətrafında yaşayan şəxsləri əraziyə buraxmırdılar. 
 

Yanğın həcminin böyüklüyü və ölənlərin sayının çox olmasına görə hadisə hökumətin də diqqət mərkəzində idi. İlk olaraq hadisə yerinə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, müavini Etibar Mirzəyev, Daxili işlər naziri Ramil Usubov, Səhiyyə naziri Oqtay Şirəliyev, baş prokurorun birinci müavini Rüstəm Usubov, baş nazirin müavini Əli Həsənov və paytaxt meri Hacıbala Abultalıbov gəlib. Daha sonra ölkə başçısı İlham Əliyev yanğın baş verən dispanserə baş çəkib. Adıçəkilən rəsmilər dövlət rəhbərinə yanğın və nəticələri barədə məlumat veriblər.
 

Prezident və digər rəsmilər hadisə yerini tərk etdikdən sonra stasionar olaraq xəstəxanada müalicə olunan şəxslər bir-bir içəri buraxılmağa başlayıb. Narkoloji xəstəlikdən əziyyət çəkən həmin şəxslər müvafiq dərman qəbul etdikdən sonra ərazini tərk ediblər. Daha sonra başladılan cinayət işinin istintaqının aparılması çərçivəsində hüquq-mühafizə orqanlarının əməkdaşları yanğın baş verən taxta divarlı, pəncərələri dəmir barmaqlıqlı birmərtəbəli tikilidə araşdırma aparmağa başlayıblar. Bu araşdırmanın nəticəsində yanğının səbəbi, sürətlə yayılması və güclənməsinə hansı amillərin təsir etdiyi aydınlaşacaq. 

Hazırda hadisə yerində ölən 25 pasientin meyiti morqa yerləşdirilib. Üç nəfər yaralı xəstəxanada müalicəsini davam etdirir. Rəsmi məlumata görə isə 34 nəfər sağ-salamat xilas edilib. Hazırda həm dispanserin qarşısında, həm morqların önündə, həm də həmin Mərkəzdə daimi müalicə olunan şəxslərin qohumları yaxınları haqqında dəqiq məlumat əldə etməyə çalşırlar. Hələ ki, ölənlərin şəxsiyyəti tam müəyyənləşdirilmədiyi üçün rəsmilər vətəndaşlara dəqiq məlumat verməkdə acizdirlər.




















 

//Qafqzinfo//

Xəbər xətti