“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləmiş Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Ucnoqta.az" "Ölkə.Az"a isitnadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində xəstəxanada kordioloq işləyən Məlahət Əsgərzadə ifadə verib.
O, bildirib ki, əməkhaqqısını kartla deyil, xəstəxananın kassasından alıb.
Digər şahid Lalə Həsənova isə bildirib ki, klinikada göz həkimi işləyib. İbtidai istintaqa verdiyi ifadəni təsdiqləyən şahid bildirib ki, pulu zərfdə kassadan alıb.
Arzu Ağalarova klinika da həkim işlədiyini, maaşını kassadan aldığını bildirib: “Bizdə maaş faizlə alırdıq. Nə qədər xəstə gəlirdi, o qədər də pul alırdıq”.
Şahid qismində ifadə verən Bəhram Ağakişiyev 15 il klinikada uşaq həkimi işlədiyini söyləyib. O, bildirib ki, xəstəxanada növbətçi həkim olub: “Faizə görə pul almışam. Kassadan pulu qol çəkib almışam. Əməkhaqqı almaq üçün kartım olmayıb”.
Prosesdə fasilə elan edilib.
“Leyla Şıxlinskaya” Klinikasında baş mühasib işləyən Şəhla Abbasova, mühasib Səkinə Əfəndiyeva, klinikanın əməkdaşları Polad Əliyev, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüsiyeva, Yelena Abdullayeva Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar.
Cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Xatırladaq ki, “Leyla Şıxlinskaya” klinikasının keçmiş baş mühasibi Şəhla Abbasova 4 il əvvəl Leyla Şıxlinskaya ilə mübahisəyə görə işdən ayrılıb.
Leyla Şıxlinskaya hüquq-mühafizə orqanlarına müraciət edərək, keçmiş işçilərinin 804 min 343 manat vəsaiti ələ keçirməkdə ittiham edib.
“Leyla Şıxlinskaya” klinikasında aparılan araşdırmalar zamanı müəssisənin rəhbəri Leyla Şıxlinskayanın 8 milyon manat vergidən yayındığı aşkarlanıb. Hazırda Vergilər Nazirliyinin istintaq idarəsində araşdırma aparılır.