Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənsirilən şəxs qismində Əbülfəz Bünyatov ifadə verib.
O, əvvəllər jurnalistika fəaliyyəti ilə məşğul olduğunu, dövlət əleyhinə çağırışlar etmədiklərini deyib.
Ə.Bünyatov bildirib ki, hadisə zamanı aldığı güllə yarasından sonra iflic vəziyyətinə düşdüyündən, sonradan baş verənləri xatırlamır: "Ayılanda Daxili İşlər Nazirliyinin hospitalında olduğumu gördüm. İki ay orada qalmışam, polis nəzarəti altında saxlanılmışam".
Məhkəmənin növbəti iclası martın 1-nə təyin edilib.
Qeyd edək ki, E.İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilir. O, 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sanunçu Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.
Sonradan cinayət işi araşdırılması üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə göndərilib.
E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Ə.Bünyatovun səhhətində problem olduğuna görə, o, polisin nəzarəti altına verilib.
İttihama görə, Daxili İşlər Nazirliyi (DİN) 2015-ci il noyabrın 26-da Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, daha bir neçə üzvü - Rasim Mirzə Baba oğlu Cəbrayılov, Zakir Tapdıq oğlu Mustafayev, Cabbar Əmirxan oğlu Cabbarov, Cahad Bala Hüseyn oğlu Babakişizadə, Şamil Adil oğlu Abduləliyev, Aqil Azər oğlu İsmayılov, Ramin Məhərrəm oğlu Yariyev, Abbas Əbbdülrəhman oğlu Quliyev, İbrahim Məmməd oğlu Xudaverdiyev, Etibar Rasim oğlu İsmayılov, Bəhruz Rahib oğlu Əskərov, Əli Həsrət oğlu Nuriyev, Əlibala Cavad oğlu Vəliyev, Fərhad Nəsrəddin oğlu Balayev, Abbas Hafiz oğlu Tağızadə və Abbas Məmmədbağır oğlu Hüseynov saxlanılaraq istintaqa təqdim edilib. Daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı da saxlanılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov və Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Ramin Yarıyev 10 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, "Nardaran işi" üzrə təqsirləndirilən digər şəxslərə də hökm oxunub.