Məmməd Vəliyevlə bağlı hökm dəyişmədi

09:45 - 21 Fevral 2018 - HADİSƏ

2015-ci ildə Xətai rayonu ərazisində 9 mərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə bağlı təqsirləndirilən və uzun müddət axtarışda olan Məmməd Vəliyev barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə proses yekunlaşıb.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb və hpkm dəyişdirilməyərək qüvvədə saxlanılıb. 
 

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Bu işdə mənzilləri yanan sakinlər zərərçəkmiş kimi tanınıb, onlar məhkəmə ifadələri zamanı şikayətləri olmadığını bildiriblər.
 

Qeyd edək ki, sözügedən hadisə ilə bağlı daha bir məhkəmə prosesi yekunlaşıb. Belə ki, Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarovun təqsirləndirildiyi iş üzrə artıq hökm verilib. Hakim Eldar İsmayılov hər 3 şəxsə şərti cəza verib.
 

F.Sadıqov məhkəmədə ifadəsi zamanı bildirib ki, işləri icra edən “TNH” şirkətinin rəhbəri o yox, Məmməd Vəliyev olub. Həmin vaxt M.Vəliyev ölkədən qaçdığı üçün istointaqa cəlb edilə bilməyib və axtarış verilmişdi. O, 2 ay öncə ökəyə qayıdıb və həbs edilib. Digər təqsirləndirilən N.Nuxtarov isə təcridxanada vəfat edib.

Xəbər xətti