Ağdaşda ana və 6 aylıq körpəni yol polisləri xilas etdi– özlərini kanala ataraq- Video

13:06 - 19 Fevral 2018 - Xəbər

“Mercedes”in suya düşdüyünü görən YPX əməkdaşları maşındakıları xilas etmək üçün özlərini kanala atıblar



Xəbər verdiyimiz kimi, dünən Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb. Hadisə Bakı-Qazax yolunun 259-cu kilometrliyində - Ağdaş rayonu Aşağı Ləki kəndindən keçən hissəsində qeydə alınıb. "Ucnoqta.az" xəbər verir ki, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.

 

"Ucnoqta.az"-ın əldə etdiyi məlumata görə, ana və azyaşlı uşağı yol polisi əməkdaşları xilas edib. Belə ki, axşam saat 18:30 radələrində 99 YP 882 dövlət nomrə nişanlı patrul avtomobili ilə xidmət aparan Ruslan Həsənov və Natiq Hüseynov Bakıdan Gəncə istiqamətinə hərəkət edərkən idarəetməni itirərək təxminən yoldan 40-50 metr aralıda su kanalına düşən “Mercedes” markalı avtomobili görüblər. Bakı istiqamətində hərəkətdə olduqları üçün tez avtomobili saxlayaraq yolun ayırıcı dəmir hissələrindən keçən inspektorlar hadisə yerinə qaçıblar. Təxminən 19-20 yaşlarında bir qadın və qucağındakı 6 aylıq körpəsinin kanala düşən avtomobilin içində köməksiz vəziyyətdə qaldığının şahidi olan YPX əməkdaşları tez kanala girərək avtomobilin qapısını açıb və qadınla uşağı xilas ediblər. Qadın boğulmaq üzrə imiş. Körpəsini isə yuxarı qaldıraraq boğulmaqdan xilas edən ananı son anda yol polisləri maşından çıxara biliblər.

Yenidən hadisə yerinə qayıdan polislər sol yanı üstə düşmüş və yarıyadək lilə batmış avtomobildə qalan sürücünün boğularaq öldüyünü görüblər.

YPX əməkdaşları körpə və anasını təcili olaraq başqa bir avtomobilə əyləşdirərək xəstəxanaya çatdırılmasını təmin ediblər. Nəticədə ana və uşaq salamat qalıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ana və qızını xilas edən yol polisi əməkdaşları Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının 8-cı tağımının əməkdaşlarıdır.


Xəbər xətti