Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənov məhkəməsi keçirilib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.
Zərəçəkmiş kimi tanınan “BestComp Group" MMC-nin nümayəndəsi mülki iddia qaldıraraq vurulmuş maddi ziyana görə R.Babayevdən 33 min 440 manat tutularaq şirkətə ödənilməsini istəyib.
Ardınca istintaq başlayıb və dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib.
İttihama görə, Nərimanov rayonunda yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb. Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər. Onlar həmçinin, 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu ədələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər. Onlara ucuz komputer satacaqlarını vəd edərək aldadıblar.
***
Hər iki şəxs özünü təqsirli bilmədiyini deyib.
Zərərçəkmiş Habil Hənifəyev bildirib ki, 2014-cü ildə Rəşad ona şirkətin satılıq komputerlərinin olduğunu deyib: "Mən də Namiqə zəng edib bunu dedim. Rəşad gəlirdən mənə 3 faiz verəcəkdi".
H.Hənifəyev R.Babayevə 53 min 500 manat pul verdiyini qeyd edib: "Rəşad 13 min 500 manat qaytardı, 40 min qalıb. O, Müdafiə Nazirliyində işləyən Qorxmaz Qarayevin adından istifadə edirdi".
Digər zərərçəkmiş Aqil Məmmədov deyib ki, komputer biznesi qurmaq üçün R.Babayevə 70 min 500 manat verib.
Zərərçəkmiş Aşıq Namiq prosesdə yerindən müdaxilə etdiyi üçün hakim ona xəbərdarlıq edib.
Daha sonra ifadə verən Aşıq Namiq bildirib ki, komputer biznesi üçün Rəşada 54 min 500 manat verib: "Pulun bir hissəsini qaytarıb, indi 39 min 500 manat borcu qalıb. Dünən onun qardaşı Zaur mənlə görüşdü. Dedi ki, pulu qaytaracağıq, şikayətinizi geri götürün, Rəşad tutulmasın".
Proses fevralın 21-də davam etdiriləcək.