Rusiyada yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub - YENİLƏNİB

11:55 - 13 Fevral 2018 - HADİSƏ

Rusiyanın Orenburq şəhərində yanğında ölən azərbaycanlıların adları məlum olub.
 
"Ucnoqta.az" Orenburqdakı Azərbaycan diasporunun rəhbəri Yaşar Məsimovun APA-nın Rusiya bürosuna verdiyi məlumata istinadən bildirir ki, hadisə zamanı 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, habelə 47 yaşlı Əmrah (soyadı dəqiqləşdirilməyib) ölüb.  
 
Xəsarət alanlar isə 8 yaşlı Quliyeva Sevinc Zaur qızı, 19 yaşlı Quliyeva Aytən Eysevər qızı, 26 yaşlı Quliyeva Sadəqət Eysəvər qızı, 49 yaşlı Quliyeva Sevinc Şiraslan qızı və 82 yaşlı İzzət Quliyevadır.
 
Y. Məsimov yanğında həyatını itirən Leyla və Əmrah Quliyevlərin Rusiya vətəndaşı, qalanların isə Azərbaycan vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, xəsarət alanlardan üçünün - Səadət Quliyeva, Sevinc Quliyeva
və İzzət Quliyevanın vəziyyəti ağırdır: "Hazırda onlar komadadır. Həkimlərin onların yaşamaq şansının çox az olduğunu bildirirlər". 
 
*** 01.51
 
Rusiyanın Orenburq vilayətində baş verən yanğın nəticəsində azərbaycanlı ailənin ölümü ilə bağlı cinayət işi başlanıb.
 
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 109-cu maddəsinin 3-cü bəndi (səhlənkarlıqdan ölümə səbəb olmaq) əsasında cinayət işi açılıb, araşdırma aparılır.  
 
İstintaqın ilkin versiyasına görə, fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Yanğının söndürüldükdən sonra iki kişi meyiti aşkar edilib. Yanıq xəsarətləri alan 7 nəfər şəhər xəstəxanasına göndərilib. Onlardan 3 nəfəri azyaşlı olub. 3 yaşlı qız və 6 yaşlı oğlan xəstəxanaya aparılan zaman təcili tibbi yardım maşınında keçinib. Yanğın nəticəsində xəsarət alan 62, 47 və 20 yaşlarında iki qadın və 8 yaşlı qızın vəziyyəti ağır olaraq qalır.
 
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.
 
"Cinayət işinin araşdırılması çərçivəsində profilaktik sistem orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə lazımi hüquqi qiymət veriləcək. Eləcə də cinayətə yardımçı olan şərait və səbəblər istintaqla aydınlaşacaq. Hazırda baş vermiş cinayətin məqamlarının, eləcə də cinayətdə əli olan şəxs və ya şəxslərin müəyyən olunması istiqamətində istintaq hərəkətləri aparılır. Həlak olanların ölüm səbəbinin müəyyən olunması ilə bağlı ekspertizalar təyin olunub", - deyə İstintaq Komitəsindən bildirilib.
 
Qeyd edək ki, yanğın nəticəsində ölənlərdən hələlik  iki nəfərin adı məlumdur. Bunlar Namiq Quliyev və onun 3 yaşlı qızı Leyladır.
 
Orenburqdakı Azərbaycan icmasından APA-nın Rusiya bürosuna verilən məlumata görə, yanğın zamanı evdə iki ailənin üzvləri olub. İlkin ehtimallara görə, yanğını Namiq Quliyevin ikinci həyat yoldaşı törədib. Ailə münaqişəsi zəminində baş verən mübahisə zamanı N. Quliyevin ikinci həyat yoldaşı evə benzin tökərək yandırıb. Nəticədə N. Quliyev, onun iki övladı (3 yaşlı qız və 6 yaşlı oğlan) və şəxsiyyəti hələlik müəyyən olmayan bir kişi ölüb, 5 nəfər isə xəsarət alıb. Yanğını törətdiyi ehtimal olunan qadın da hazırda xəstəxanadadır. Onun vəziyyətinin ağır olduğu bildirilir.   
 
***
 
00:23
 
Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində azərbaycanlı ailə ölüb.
 

 Məlumata görə, yanğın fevralın 12-si, yerli vaxtla saat 13:54-də Orenburq şəhəri, Salmışskaya küçəsi, ev 58/1-də, 9-cu mərtəbədə qeydə alınıb. Yanğın nəticəsində ikisi uşaq olmaqla 4 nəfər ölüb, 5 nəfər yaralanıb. Ölənlərdən ikisinin adı məlumdur. Bunlar Namiq Quliyev və onun azyaşlı qızı Leyladır. Əslən Masallı rayonundan olan N.Quliyevin taksi fəaliyyəti ilə məşğul olduğu məlum olub.
 
Hazırda hadisə yerində istintaq qrupu işləyir, hadisənin səbəbləri araşdırılır. 


Xəbər xətti