Azərbaycan nəsrində gürcü mövzusu

12:42 - 9 Yanvar 2018 - Ədəbiyyat

(İsmayıl Şıxlının «Dəli Kür» qomanı)

Şair, tərcüməçi, ədəbiyyatşünas  mərhum Leyla Eradze Azərbaycan ədəbiyyatının qızğın təbliğatçılarından biri idi. Onu nəinki, Gürcüstanda, eləcə də Azərbaycanda yaxşı tanıyırdılar.  Leyla xanım Azərbaycanda keçirilən mədəni tədbirlərdə həmişə iştirak etmişdir. İki qonşu, dost xalq arasındakı mədəni və ədəbi əlaqələrin genişləndirilməsinə xüsusi səy göstərmişdir.  Leyla xanım Səməd Vurğun, Süleyman Rüstəm, Nəbi Xəzri, Nəriman Həsənzadə, İsa İsmayılzadə, Cabir Novruzun şeirlər kitabını, Mirzə İbrahimovun «Pərvanə», İsmayıl Şıxlının «Dəli Kür», İlyas Əfəndiyevin «Söyüdlü arx», Həsən Seyidbəylinin «Telefonçu qız» adlı əsərlərini, Cəlil Məmmədquluzadənin, İsa Hüseynovun, Ələviyyə Babayevanın hekayələr kitabını və başqalarının əsərlərini gürcü dilinə tərcümə etmişdir.

 O, gürcü-azərbaycan ədəbi əlaqələrinə dair doktorluq dissertasiyası müdafiə etmişdir. Ömrünün sonuna kimi Azərbaycan ədəbiyyatının qızğın təbliğatçısı olan Leyla xanım Eradze bu gün aramızda yoxdur, 1998-ci il fevralın 5-də dünyasını dəyişmişdir. Ölümünün 20-ci ildönümünü qeyd etmək,  əziz xatirəsini bir daha yad etmək üçün  Leyla Eradzenin tanınmış Azərbaycan yazıçısı İsmayıl Şıxlının «Dəli Kür» romanı haqqında yazdığı məqaləsini  “Üç nöqtə”nin  oxucularına təqdim etməyi məqsədyönlü hesab edirik.

(davamı)

Azərbaycan nasiri İsmayıl Şıxlı  isə   Zaqafqaziya gəncliyinin  mütərəqqi  əhval-ruhiyyədə  tərbiyə olunması işində  böyük xidmətlər göstərmiş tarixi simalar olan  seminariyanın  pedaqoqu  Mixail Kipianini, seminariyanın direktoru  Dimitri Semyonovu, azərbaycan şöbəsinin inspektoru Aleksey  Çernyayevsi və başqalarını canlandırmışdır. «Romanda  o dövrkü Zaqafqaziya məişətinin  səmasında  nadir  ulduz kimi  parlayan təhsil və tərəqqi xadimləri: Çernyayevski, Kipiani və başqaları təsvir olunmuşdur»3. 

«XIX əsrin  sonunun ab-havasını, bu dövrün  bütün xarakterik  fakt və hadisələrini, əsərin  süjet  qövsündə  üzvi şəkildə  Qori  müəllimlər seminariyasının durduğunu müəllif   dəqiq olaraq  yaratmışdır. «Dəli Kür»ün personajlarının taleyi və həyatı  böyük mərkəzlərdə olduğu kimi amansız  mənəvi  partlayıcı  materialının hazırlandığı Kartlinin bu balaca  şəhəri ilə  sıx şəkildə bağlıdır4».
 Azərbaycan  mədəniyyəti və ədəbiyyatının bütün  aparıcı qüvvəsi vaxtilə  Tiflisdə yaşayır,  burada təhsil alırdı və yaxud da gürcü, o cümlədən  tiflisli  yazıçılar ilə və ədəbiyyatçılar ilə  müəyyən əlaqəsi var idi. Məhz elə bu baxımdan  Qori Müəllimlər Seminariyasının  Azərbaycan  mədəniyyəti  xadimlərinin   yetişdirilməsi işində  çox böyük rolu vardır.  Gürcü və  azərbaycanlı  tələbələrinin  dostluğu  sonralar  sıx dostluq  əməkdaşlığına və şəxsi  əlaqələrə çevrilmiş və mühüm mədəni-ədəbi hadisəyə çevrilmişdir. 
Sonralar məşhur  Azərbaycan yazıçı və mədəniyyət xadimləri: Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Firmdun bəy Köçərli, Suleyman Sani Axundov, Cəlil Məmmədquluzadə, Rəşid bəy Əfəndiyev, Müslim Maqomayev və başqaları Qori Müəllmlər Semirnariyasında təhsil almış, yetişmiş,  gürcü ziyalıları ilə tanış olmuş və böyük mədəniyyətə yiyələnmişlər.
«Mubaliğəsiz deyə bilərik ki,  Qoridəki Zaqafqaziya  Müəllimlər Seminariyasında olduğu qədər çar Rusiyasının heç bir  məktəbində Azərbaycan  mədəniyyəti  xadimləri yetişməmişdir»5.
Onların təhsil alması işində rus pedaqoqları ilə birlikdə həmin vaxtlar Qori seminariyasında fəaliyyət göstərən gürcü pedaqoqlarının da böyük əməyi vardır. 
Seminariyanın direktorları arasında böyük rus pedaqoqu, K.D.Uşinskinin tələbəsi Dimtri Semyonov ən parlaq və humanist bir şəxsiyyətdir. 
Tədqiqatçı M. Kekelidze, İ. Berzenişvili və başqaları öz tədqiqatlarında belə bir fikri açıqlayırlar ki, D.D. Semyonovun təşəbbüsü  ilə 1879-cu ildə Qori seminariyasında  «tatar şöbəsi»  adlanan şöbə yarandı. Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmaları Fondunda  isə bir sənəd qorunub saxlanılır ki, bu sənəd ilə bizə «tatar şöbəsi»nin açılması təşəbbüsünün  böyük Azərbaycan yazıçısı və mütəffəkiri Mirzə Fətəli Axundova məxsus olması məlum olur.  Seminariyanın keçmiş tələbəsi, sonralar isə məşhur Azərbaycan maarifçisi Rəşid bəy Əfəndiyevin dəst-xətti  ilə rus dilində yazılmış  bu sənəd «Zaqafqaziya seminariyasının tatar şöbəsinin inspektoru Aleksey Osipoviç Çernyayevskinin qısa tarixi xasiyyətnaməsi adlanır 6».

Bu yazıda qeyd edildiyi kimi, «tatar şöbəsi»nin  layihəsi M.F. Axundov tərəfindən tərtib edilmişdir. Belə ki, müəllif  Zaqafqaziyanın Müəllimlər Seminariyası nəzdində üç illik tatar şöbəsinin açılmasını tələb edirdi. Bu şöbə özünü döğrultduğu təqdirdə, türklər üçün (azərbaycanlılırar üçün- L.E.)  müstəqil seminariyaya çevriləcəkdi və Qoridən Azərbaycanın mərkəzinə köçürüləcəkdi.
Odur ki, 1879-cu il sentyabın 23-də  seminariya nəzdində «tatar şöbəsi» yaradıldı və həmin vaxtdan seminariyada gürcü, erməni və azərbaycan dillərinin tədrisi tədbiq olundu. Bu yeni şöbə müsəlman dininin moizəçi gənclərini xalq məktəblərinin müəllimləri kimi hazırlamalı idi.  Onlardan çoxu bəzi müəllilərin aşıladığı yeni və mütərəqqi fikirləri mənimsədi,  onları həyata keçirərək öz xalqına, öz ölkəsinə böyük xidmətlər göstərdi. 
Bir məqamı  da qeyd etmək lazımdır ki, həmin  millətlərin nümayəndələri arasında, o cümlədən  gürcülər ilə azərbaycanlılar arasında faktiki materialların- sənədlərin və seminariyada  müəllim və tələbələrin  xatirələrinin  təstiq etdiyi kimi, həmişə  səmimiyyət və dostluq münasibətləri mövcud idi. Halbuki,  çarın xəfiyyələri tərəfindən  tələbələr arasında milli ixtilaf toxumu səpmək cəhdləri olmuşdur, lakin onlar bu istəyə nail ola bilmirdilər.  Çarın mütləqiyyət siyasəti belə idi (M. Kekelidze).  
İ. Şıxlının romanında  Qori seminariyası hadisələrini oxuyanda  faktiki materialların dəqiqliyi ilə  xidmətlərini tarixin gələcək nəsillər üçün saxladığı  şəxsiyyətlər gözümüz önündə canlanır.  Onlar Dimitri Semyonov, Mixail Kipiani və başqalarıdır.

Müəllif romanın  ikinci hissəsini tamamilə Qori Müəllimlər Seminariyasına həsr etmişdir.  Burada «Yazıçı  bizi əsas rolları Mixail Kipiani və Dimitri Semyonova verdiyi hadisələrin axarına cəlb edir. Daha doğrusu, bu rolu onlara tarix vermiş və sənətkara  təkcə  onların xeyirxah  simalarını  nəsillərə asanlıqla  çatdırmaq qalmışdır»7.
 Belə bir sual ortaya çıxır, İsmayıl Şıxlıda  tarixin bu unudulmuş səhifələrini vərəqləmək fikri hardan əmələ gəlmişdir?! Artıq qeyd etdiyimz kimi, Qori Müəllimlər Seminariyasının heç bir müasir gürcü yazıçısını yaradıcılığa sövq edən mənbəyə çevrilmədiyi, bir çox maraqlı, əhəmiyyətli  hadisə və fakt kimi onun tarixin toz basmış xatirəsi olaraq qaldığı bir vaxtda.
Bu romanın yazılması ilə maraqlanaraq şəxsən yazıçıya baş çəkdim və onunlar söhbət etdim. 
İsmayıl Şıxlı  əslən Qazax rayonunun Şıxlı kəndindəndir.  Belə ki, bu kənd də Tbilisinin cəmisi 70 kilometrliyində yerləşir. Yazıçı öz soyadını bu kənd ilə əlaqələndirmişdir. Halbuki, bu kəndin  sakinləri lap qədimlərdən  yalnız Şıxlinskilər kimi adlanırdılar. Rusiya-Yaponiya müharibəsinin qəhrəmanı, Port-Arturun müdafiəçisi Əliağa Şıxlinskini xatırlamaq kifayətdir. «Hələ ötən əsrin sonlarnda- yazıçı xatırlayaraq yazır,- bizim kənddə rus-tatar məktəbi açılır. Bu məktəbi bitirənlərin çoxu təhsilini Qori Müəllimlər Seminariyasında davam etdirmişdir. Seminariyanı bitirinlər arasında bir çoxu bütün həyatını vətənin mədəni dirçəlişinə həsr etmişdir. Onlar arasında mənim də çoxlu qohumlarım olmuşdur.  
Atam Qəhrəman  Şıxlinski Qori seminariyasını bitrimiş və sonralar bütün ömrü boyu müəllimlik etmişdir. 

Doğrusunu deyim ki, mənim Qori seminariyası ilə  maraqlanmağım da atamın fəaliyyəti ilə əlaqədardır  və onun  nəql etdiyi  hadisələrdən irəli gəlir.
Atam seminariya, ordakı pedaqoqlar, ədəbi axşamlar, Firidun bəy Köçərli  barəsində tez-tez danışardı.   Belə ki, onun təşəbbüsü ilə 1918-ci ildə seminariyanın Azərbaycan şöbəsi bizim tərəflərə, Qazax rayonuna köçürülmüşdür. Özünəməxsus xüsusiyyətə malik bu filial  seminariyanın bütün qaydalarını  özündə qoruyub saxladı.
Mən də şəxsən, 7 sinif bitirəndən sonra təhsil almaq üçün bu seminariyaya daxil oldum. İllər ötürdü, uşaqlıq xatirələri məni rahat buraxmırdı.  Nəhayət, «Dəli Kür» romanına başlamamışdan öncə,  Tbilisi Xalq Maarifi Muzeyində mühafizə olunan arxivini diqqətlə gözdən keçirdim. Qori seminariyasının materialları ilə, Qazax Müəllimlər Seminariyasının  arxivi ilə tanış oldum, lazım olan  bütün materialları topladım.  Anamın və atamın söylədikləri hadisələri  xatırladım, Qori seminariyasında təhsil almış həmkəndilərimlə söhbət etdim, əldə etdiyim təəssüratlar, on illik gərgin əmək nəticəsində  «Dəli Kür» romanını başa çatdırdım»8.

«Tatar şöbəsi»nin inspektoru, Azərbaycan dilində ilk dərsliyin müəllifi A. Çernyayevçkinin  parlaq şəklidə təsvir olunduğu bu roman, bax, beləcə yaradılmışdır. O, romandan da göründüyü kimi,  Azərbaycanı oymaq-oymaq gəzir,  seminariya üçün uşaqlar  toplayırdı. 

Məhz elə şəhərdən gələn elm adamı( yəni Çernyayevski-L.Eradze) və Sibirdə sürgündə olmuş  Əhmədi molla  və onun müridləri dövrəyə alanda və camaatı da yığanda Cahandar ağa onlara havadarlıq edir.  Rus müəllimindən qəzəblənən  mollanın  kəndə savad gətirilməsini  Allahın  qəzəbinə düçar olmaqla  çox qorxudan müridləri  Cahandar ağa  tezcə sakitləşdirir:
«Fikriniz nədir, yoxsa könlünüzə Sibir düşüb? Bəs bunun sonrasından qorxmursunuz? Sabah atlı kazaklar tökülüb gələndə cavab verə biləcəksiniz? Hə, niyə dinmirsiniz? Sizi bir-birinizə çataqlayıb atın döşünə salanda bu Molla Sadıq qabağa dura biləcəkmi? Sizdən soruşuram, onda harayınıza çatan olacaqmı?!
Onsuz da qananlıqda olan camaatı Molla yenə də qaranlığa sürükləyirdi. Nəsə bir qüvvənin  onları oyatmasından qorxurdu.  Aleksey Osipoviçin  uşaqları aparmaq üçün gəldiyini  eşidəndə onun qəzəbinin həddi-hüdudu yox idi. 

«- Yox, cənab, bu yollarla bizi aldada bilməzsiniz, -deyə camaatın adından  o, Aleksey Osipoviçə müraciət etdi- Xaçpərəstlərin islam milləti arasında təfriqə salmaq köhnə peşəsidir. Biz sizi yaxşı tanıyırıq. İndi də uşaqları oxutmaq adı ilə başımızı  tovlamaq istəyirsiniz. Ancaq onu bilin ki, belə işlər daha baş tutmaz. Biz uşaqlarımızı verən deyilik. Ay camaat eşidirsinizmi?
 Molla Sadıq əlini havada oynatdı. Aleksey Osipoviç beli xəncərli kişilərin qaşlarının üstünə qədər enmiş saçaqlı papaqları altından parıldayan qəzəbli gözlərinə baxdı. O, ağzını açmağa macal tapmamış Molla Sadığın yanındakı kişilərdən biri qabağa yeridi. Onun sallamalı kəmərindən asdığı iri xəncəri az qalırdı ki, belini üzüb salsın. Onların çoxu əlini xəncərə atıb, irəli cummağa bir balaca işarə gözləyirdi. Aleksey Osipoviç bunu aydın görsə də, geri çəkilməyin mümkün olmadığını dərk etdiyindən özünü şax tutdu.  Nəhayət,  bayaqdan papirosu papirosun oduna yandıran Cahandar ağa  dözə bilmədi.  Tüfəngi dizinin üstündən götürüb ayağa durdu.  Qızışmış  camaatın önüncə gələn  Molla Sadığın qabağını kəsdi» 9.
Beləcə, Çernyayevskinin Azərbaycanın ucqar kəndlərindən uşaqların  təhsil üçün aparması həyatı bahasına başa gəlirdi.
 Övladsızlığını da ona hiss etdirməyən fəaliyyəti, tələbələrə qarşı sədaqəti və məhəbbəti  nəsildən nəslə əfsanə kimi  ötürülür: «Mən nahaq kədərlənirəm. Övladsızlıqdan şikayət eləməyə haqqım yoxdur. Bəs tələbələrim? Məgər, onlar mənim  ovladlarım deyilmi?  Məgər mən öləndən sonra onların timsalında yaşamayacammı? Müəllimlər üçün tələbəsini boya-başa çatdırmaq ən böyük səadət deyilmi? Məgər müəllim tələbələrini öz balasından azmı sevir? Əgər belə olmasaydı, Pestalotse xəstə tələbələrini buraxıb öz oğlunun dəfninə getməzdimi? Ancan o getmədi. Fikirləşdi ki, oğlum onsuz da ölmüşdür. Onu mənsiz də dəfn edəcəklər. Xəstə uşaqları başsız qoysa daha ağır itkilər baş verə bilər. Gərək biz də o cür pedaqoqların yolu ilə gedək. Fədakarlığı ondan öyrənək. Doğrudan da tələbənin ən yaxın adamı, onun sirdaşı müəllim deyilmi? Elə hallar olmurmu ki, uşaq ata-anasına demədiyi sirri müəlliminə açır. Yox, mən haqsızam. Mən övladsız deyiləm. Mənim balalarımın sorağı bir neçə ildən sonra Azərbaycanın ən ucqar guşələrindən gələcək»10.

Yazıçı romanda  seminariyanın pedaqoqu,  heç bir gürcü  tədqiqatçının  xüsusi tədqiqatında toxunmadığı Mixail Keyxosroviç Kipianinin unudulmaz obrazını  canlandırmışdır.  Onun barəsində bizim xalqçı  yazarların xatirələrində çətin rast gəlirik.  Bu mövzu üzərində nisbətən  geniş şəkildə yalnız  Soprom Mqaloblişvilii və sonra  isə Mixail Kekelidze dayanmışdır.
Məşhur gürcü ictimai xadimi Mixail Kipiani  sürgündən sonra  Gürcüstana qayıdır və əvvəlcə Tiflisdəki  ikinci gimnaziyada, sonra isə Qori seminariyasında  gürcü dili müəllimi kimi işə başlayır. 
Budur, Soprom Mqaloblişvili  Kipianini necə xarakterizə edir:

«Mişo dilavər, natiqlik istedadına malik, şirin ləhcəli, cazibədar, qapalı xasiyyətə malik, mütərəqqi bir adam idi. Seminariyada gürcü dilinin tədrisini çox gozəl şəkildə qarşıya qoydu11».
Seminariyanın o dövrkü direktoru D. Semyonov  gürcü dilinin  müəllimlərinə  imkanlar verirdi.  Doğma ədəbiyyatın əsaslı şəkildə  şağirdələrə ötürülməsini qadağan etmirdi.  Uşaqlar  evdə də Kipianinin yanına gedirdilər.  Ailə şəraitində  ədəbi gecələr də təşkil edirlilər.  Müasir və klassik ədəbiyyat, Gürcüstan tarixinin diqqətə layiq  dövrləri,  Rusiyanın sosial-inqilabi  hərəkatları və sair barədə müzakirələr  olurdu. Bax, elə bu mühitdə bizim böyük şairlərimiz  Luka və Niko Razikaşvililr yetişmişlr( Vaja-Pşavela və Baçana)»12.
Mixail Kipiani  Vajanın istedadına böyük diqqət yetirmişdir.  Onun Gürcüstan tarixinə mübtəla olmasına görə «Gürcüstan tarixindən referatlar hazırlamaq və sual tədbiq etmişdir».  Kipianinin  dərsləri  şagirdlərin  şüurunun oyanmasına hərtərəfli imkanlar yaradırdı.  Lakin  bu ən yaxşı pedaqoq seminariyada uzun müddət fəaliyyət göstərə bilmədi.  Bu dövrdə  çar II Aleksandrı qətlə yetirdilər. Təqiblər, represiyalar hökmanlıq etməyə başladı. Seminariyada izləmələr, min cür  axtarış və təhqir çoxaldı. D. Semyonov  hökumət qarşısında öz müəllimlərini qoruyur və böyük ərklə onları müdafiə edirdi.  Sənədli materiala istinad edərək İsmayıl Şıxlı yazırdı:

Semyonov bir dəfə polis tərəfindən gətirilmiş məktubu diqqətlə oxudu.   Son sətirlərin üzərində dayandı: 
«Həşəmətli cənab, bu məlumatı Sizə verməklə bərabər, artıq dərəcədə xahiş edirəm ki, Kipianinin həyat tərzi və nələr düşünməsi barədə əldə etdiyiniz məlumatları olduqca məxvi tərzdə mənə göndərəsiniz... Gör nə qədər həyasızlaşıblar! İnsanın nələr fikirləşdiyini, onun təfəkkür tərzini belə nəzarət altında saxlamaq istəyirlər. Adamları sərbəst düşünmək hüququndan da məhrum etməyə çalışırlar. Az qalırlar ürəklərə belə xəfiyyələr göndərsinlər»13.  
Kipianinin şəxsiyyəti, onun yorulmaz əməksevərliyi Dimitri Dimitriyeviçin gözü önündə canlandı, Bir şikayət nədir, onun adına o da daxil olmuşdur. Direktor onun pedaqoqunun nə ilə nəfəs aldığını bilir, lakin bunda pis elə bir şey görə bilmir. Bilir ki, o bütün millətdən olan şagirdləri  bir cür sevir, lakin  başa düşə bilməmişdir ki, belə adamı niyə təqib edirlər?! Kipianini  ölkənin taleyi narahat edir,  gecəni-gündüzə qataraq onun gələcəyi  barəsində düşünür.  Məgər bu, hökümət qarşısında nəsə bir cinayətdirmi!
Sürgün edilməsinə və Sibirdə saysız-hesabsız əzab və işgəncələrə məruz qalmasına baxmayaraq  Kipiani  seminariyada  fəaliyyət göstərdiyi vaxtlar  onu narahat edən məsələlərə qarşı  biganə qalmamışdır.  Onun başlıca işi şagirdlərdə vətənə məhəbbət və onun gələcəyi qayğısına qalmaq   hisslərini aşılamaq idi.
1883-cü il martın 4-də  xalçılıq  işinə görə Mixail Kipiani birbaş dərsdən həbs edilir. Onun həyatının bu epizodunu roman müəllifi belə nəql edir:

«-Cənab Kipiani, dərsi dayandırın! 
   -Niyə?
   - Siz dustaqsınız.
Kipiani dönüb təlaş və həyəcandan yanaqları  qızarmış tələbələrin gözlərinə baxdı. Onların baxışları alışıb-yanırdı. Ktptani başa düşdü ki, məktəb skamyasının arxasında oturan bu bu uşaqlar bu saat qəzəbli pələng balaları kimi aşağı  siniblər. Onlar rəisin üstünə atılmağa hazırdılar.
... Birdən kim isə ucadan «biz sizi heç vaxt unutmayacağıq, əziz Kipiani müəllim!- deyə qışqırdı. Əşrəf səs gələn tərəfə böylandı. Gürcü tələbələrindən Luka pəncərənin qabağına çıxmışdı. Papağını havada yellədirdi. Polislər isə onun ətəyindən dartıb aşağı salmaq istəyirdilər»14.
Məgər təkcə Kipianinin, seminariya direktorunun  taleyimi tərəziyə qoyulmuşdu? Çar Rusiyasının siyasəti belə idi. Xalq üçün lazım olan pedaqoqları yolundan bu cür uzaqlaşdırırdılar. 
Elə buradaca qeyd etmək lazımdır ki, İsmayıl Şıxlı oxucular üçün Vaja-Pşavelanın obrazını daha dolğun şəkildə təqdim edə bilərdi. Bunun üçün Xalq Təhsili Muzeyi arxivində çoxlu material tapmaq olar. O, yalnız «tələbə Luka» deyə  xatırlamaqla kifayəilənmişdir ki, bu da gürcü oxucuları üçün heç nədir.
Seminariya özünün mövcud olduğu 42 illik müddətdə ölkəyə bir sıra məşhur insan bəxş etmişdir. Seminariyanın mütərəqqi fikirli rus, gürcü, erməni, eləcə də azərbaycanlı pedaqoqları gizli və ya aşkar gələcək nəsildə xeyirxahlıq toxumunu səpməyə nail olurdular. Buna görə də Qoridən tətillərdə evə qayıdan Əşrəf  öz atasına köhnəlmiş ideyalar ilə yüklənmiş Cahandar ağaya tamamilə qəribə görünür. Təkcə atası ilə deyil, böyük qardaşı  ilə də ümumi bir dil tapa bilmir. Böyük qardaşı atasının fəlsəfəsinin  davamçısı olaraq qalır. Kiçik  qardaş isə qəddar atası üçün  müəmmadır.  Əşrəfin  kasıblara torpaq paylamağı, həmkəndilər usun məktəb açmağı və xərac veməyi tələb etməsini Cahandar ağa  ağlını itirmişin sərsəmləməli kimi hesab edir. 
«Cahandar ağa «uşağın başı xarab olub, nədir?- deyə öz-özünə düşünməyə başladı.- Necə yəni kasıblara torpaq payla, məktəb tikdir, bunlar mənim nəyimə dazımdır?»
Lakin Cahandar ağa oğlunun dünyagörüşünü dəyişə bilmir. Dövr, həyat tədricən bu qaya kimi qırılmaz  şəxsiyyəti sındırır. Çılğın  Kür  təbiətinə malik cəngavərin belini  bükür və ondan nə qalır? Həyatdan bir kənara atılmış  yazıq adamcığaz.
Kəskin münaqişə- köhnə və yeni dövr ictimaiyyətinin bir-birilə toqquşması, təbii ki, yenisinin  qələbəsi ilə başa çatır.

Gürcü dilindən tərcümə edən: Mirzə MƏMMƏDOĞLU
İstifadə olunan ədəbiyyat:
1. Q. Alibekova, Bakinskiy raboçiy, 1972. 4/ ?III.
2. Cəlal Məmmədov. Bədii salnaməmizin yeni səhifələri. Kommunist qəzeti. 1960. 30 yanvar.
3. B. Nabiev, Otvetstvennostğ talanta, Literaturnıy Azerbaydjan. 1969.№12
4. V. Bayadze. Məktəb və həyat. 1972, №1 ( gürcü dilində).
5. Aziz Şarif, rojdenie Mollı Nasreddina, baku, 1968,s.7
6. Azərbaycan Elmlər Akademiyasının xəbərləri. Bakı. 1954.Bax: Respublika Əlyazmaları Fondu. R. Əfəndiyevin arxivi. İnvent. № 1913.
7. V. Bayadze. Məktəb və həyat. 1972, №1 ( gürcü dilində).
8. Dərc olunmamış avtobioqrafiq materiallardan.
9. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 271.
10. Elə orada, səh. 281.
11. Soprom Mqaloblişvili. Xatirələr, Tbilisi, 1938, səh. 61
12. Elə orada.
13. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 241.
14. İsmayıl Şıxlı. Seçilmiş əsərləri. II cild, səh. 426.

 

 


Xəbər xətti