Peşəkar Futbol Liqasının (PFL) 2008 - 2022-ci illərdə prezidenti olmuş Ramin Musayev bir müddətdir ölkə futboluna kənardan tamaşa edir. Yerli futbolu diqqətdə saxlayan 62 yaşlı sabiq funksioner bu barədə müzakirələrdə də fikirləri, analizləri və uzun müddət qazandığı təcrübəsindən faktları dilə gətirməklə gündəmə gəlir.
Ucnoqta.az xəbər verir ki, Musayev bu dəfə Teleqraf-a müsahibəsində Azərbaycan klubları, milli komanda, xüsusilə "Qəbələ" Futbol Akademiyasının hazırki vəziyyəti ilə bağlı açıqlamalar verib:
Musayev bildirib ki, baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur:
"Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib. Klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar. Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!"
PFL-nin sabiq rəhbəri qeyd edib ki, milli komandadan ümumiyyətlə, yaxşı şey gözləməyin:
"Amma klublar legionerlər sayəsində yaxşı nailiyyətlər qazanırlar, qazanacaq da. Çempionatın reytinqi qalxacaq. Milli komanda isə getdi. O vaxt yığmanın keçmiş baş məşqçisi Berti Foqts haqqında "Qaranquş gəldi-gedərdir" demişdim. O sözə görə məni az qala xalq düşməni elan edirdilər. Hanı Berti Foqts? Hardadır? Neçə il milyonlarla pul aldı, getdi. Hansı futbolçumuza dayaq oldu? Boş şeylərdir. Baş məşqçi yalnız və yalnız özümüzdən olmalıdır. Yerli baş məşqçi olmalıdır ki, cavabdehlik daşısın".