Elmira Axundova deputat köməkçilərinə dövlət qulluqçusu statusu İSTƏDİ

15:00 - 1 Fevral 2017 - ÖLKƏ İÇİ

“Mən Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işlər planını diqqətlə analiz etdim və onu yüksək dəyərləndirirəm. Çünki orada çoxdan arzuladığım bəzi qanun layihələrini görürəm. Şadam ki, onlar bizim yaz sessiyasının işlər planına daxil ediliblər, məsələn “Turizm haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri”. Bu sözləri Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elmira Axundova bildirib. O, “Psixoloji yardım haqqında” və Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihələrini də əlamətdar qanunvericilik aktları hesab edib. “Bizə bu gün “Psixoloji yardım haqqında” kimi qanunlar çox gərəkdir. Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidir. İnformasiya bolluğunun olduğu, aqressiya və zorakılığın təzahürləri artdığı çətin və qəliz zəmanədə yaşayırıq. Bütün terrorist təşkilatlar əsasən gənc insanları təsir altına alır, üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici boyevik və pozucu internet-saytların təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm kişiləri ağır cinayətlər törətməyə sövq edir, uşaqlar yetim qalır, ailələr məhv olur, qatil uzunmüddətli həbsə məhkum olunur. Mən keçən iclasların birində bu məsələyə toxunaraq həyat yoldaşını qəddarlıqla qətlə yetirənlərə ölüm hökmünü tələb etmişdim. Əlbəttə o, emosional çıxış idi, bilirəm ki, Avropa Birliyinin üzvü olan Azərbaycan geriyə addım ata bilməz. Amma bir sıra həmkarlarımızın belə qətllərə görə ömürlük azadlıqdan məhrumetmə hökmü istəməsini dəstəkləyirəm, ikinci tərəfdən başa düşürəm ki, bu tədbirlər də böyük nəticələrə səbəb olmayacaq. Çünki bizə böyük profilaktik işlər, müvafiq qanunlar lazımdır, hər bir kənddə psixoloq və sosioloqlar ciddi işləməlidirlər”. 

E.Axundva deyib ki, yerlərdə ağsaqqal və ağbirçəklərin statusu qalxmalıdır. 

“Hamı başa düşməlidir ki, ailə şəxsi iş deyil, ailə cəmiyyətin özəyidir, istənilən Azərbaycan ailəsində baş verən hər faciə bizim ümumi faciəmizdir. Çünki nəticədə bizim balalarımız yetim qalırlar. Bir anlıq qətlə yetirilənin ailə üzvlərinin psixi vəziyyətini, gözü qarşısında atası tərəfindən anası qətlə yetirilən körpələri göz önünə gətirin. Onda hər şey aydın olar. Ona görə təklif edərdim ki, ağır məişət cinayətlərinə, xüsusilə uşaqlara qarşı törədilən əməllərə görə cəzalar sərtləşdirilsin. Daha hansı qanunları qəbul edə bilərik, bu məsələlər ciddi müzakirə olunsun”.

E.AxundovaMilli Məclisdə yaradılan iş şəraitinə görə spikerə təşəkkür edib.  Daha sonra isə deputat köməkçiləri ilə bağlı məsələ qaldırıb:

“Bir neçə il əvvəl deputat köməkçisi institutu yaradıldı, buna görə də hörmətli Oqtay Əsədova minnətdarıq. Keçən illər ərzində bu institut inkişaf etdi, mən deyərdim ki, köməkçilər arasında böyük qanunvericilik təcrübəsi toplamış mütəxəssislər yetişdi. İkinci minnətdarlıq, bu köməkçilərin maaşları ilə bağlıdır. Bir neçə il əvvəl Bahar xanım maaşlarla bağlı çıxış etmiş, bizlər də bu təklifi dəstəkləmişdik. Cənab sədrin də dəstəyi ilə maaşlarda artım oldu. Bugünkü xahişim isə ondan ibarətdir ki, 125 köməkçiyə dövlət qulluqçusu statusu verilsin, onlar hətta 5 il işləyəndə onlara 5 illik dövlət qulluqçusu stajı yazılsın. İş orasındadır ki, bu köməkçilərin əksəriyyəti cavanlardır, gənc ailə sahibləridir, çoxunun mənzilləri yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ipotekaya sahib olsunlar. Amma mən bu yaxında öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və sosial mənzil ala bilməyəcək. Çünki onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən az 3 il dövlət qulluqçusu işləmək lazımdır. Mən xahiş edərdim ki, Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında məsələ qaldırsınlar. Bununla da biz böyük savab iş görmüş olarıq, çünki deputat köməkçiləri mühüm bir imtiyaz əldə etmiş olarlar”.

Deputat 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsinə də diqqət çəkib: “İslam aləminin tənqid olunduğu, islam radikalizminin baş alıb getdiyi, islam ölkələrində müharibələrin tüğyan etdiyi, bəzi dünya ölkələrində hətta “İslam” sözünə mənfi reaksiya verildiyi bir dövrdə bizim prezidentimizin belə əzmli davranışı çox cəsarətli addımdır. Bunu Azərbaycan kimi dünyəvi, demokratik, Avropa dəyərlərinə sadiq olan ölkə edib. Mən prezidentimizin bu uzaqgörən addımı ilə fəxr edirəm və inanıram ki, birinci Avropa Oyunları kimi İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçiriləcək. Biz deputatlar da əlimizdən gələni etməliyik ki, gələn qonaqlara öz zəngin mədəniyyətimizi,  tariximizi, musiqimizi tanıdaq, sevdirək”.

Xəbər xətti