"Hollandiya Olimpiadanın favoriti hesab olunmur. Biz ilk 4 turda qələbə qazansaq da, mübarizə hələ qabaqdadır. Hazırkı heyətimiz inkişaf edən komanda hesab olunur. Heyətdə təcrübəli və gənc qrossmeysterlər yer alıb. Olimpiadada ən çətin oyunlarımız qarşıdadır".
Bunu Hollandiya millisinin şahmatçısı Aniş Qiri Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının IV turundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.
Hollandiya yığmasının üzvü Azərbaycan paytaxtında keçirilən yarışın təşkilatçılığı barədə danışıb: "Ötən il Bakıda keçirilən Dünya Kubokunda yarışmışdım. Həmin vaxt şəhərlə tanışlıq üçün kifayət qədər vaxtım var idi. Müasir binaların İçəri Şəhərlə harmoniyası məni valeh edir. Azərbaycanda ənənələrə, tarixə hörmətlə yanaşılması sevindirici haldır. İnsanların piyada gəzməsi, ilk növbədə Bakı Bulvarı məni özünə cəlb edir. Orada dəfələrlə olmuşam".
Qiri vaxtilə çıxış etdiyi "SOCAR-Azerbaijan" komandasının kapitanı Vladimir Tukmakovun rəhbərliyi altında indi Olimpiadaya qatılmasından da söz açıb: "Klub və millidəki iş fərqlidir. "SOCAR-Azerbaijan"ın heyətində ulduzlar çıxış edir. Halbuki Hollandiya millisi favorit hesab olunmur. Məşqçinin uğuru uzunmüddətli perspektivə hesablanıb. Onun bacarığı şahmatçını kəşf etmək və yeni səviyyəyə çatdırmaqdır".
Qeyd edək ki, İngiltərəni 3,5:0,5 hesabı ilə məğlub edən Hollandiya millisi 4 turdan sonra maksimum nəticə göstərməklə üçüncü pillədə qərarlaşıb. İngiltərə ilə görüşdə yalnız birinci lövhədə yarışan Aniş Qiri Maykl Adamsla heç-heçə edib.