Türk dünyası QHT-ləri arasında inteqrasiya dərinləşir

10:06 - 2 Mart 2026 - Cəmiyyət

Bakıda CASCFEN və DASAM arasında Əməkdaşlıq Protokolu imzalanıb

Fevarlın 27-də Azərbaycanda fəaliyyət göstərən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) ilə Türkiyənin aparıcı düşüncə mərkəzlərindən olan Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi (DASAM) arasında Bakıda Əməkdaşlıq Protokolu imzalanıb. “Litera” kitab mərkəzində keçirilən imzalanma mərasimində qonaq qismində CASPİA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev, ictimai-siyasi sektorun nümayəndələri, CASCFEN üzvləri, media təmsilçiləri, həmçinin fəal gənclər iştirak ediblər.

CASCFEN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, imzalanmadan öncə çıxış edən Nadir Azəri yeni əməkdaşlığın Türk dünyasının QHT sektoru arasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində növbəti bir addım olduğunu deyib.

CASCFEN sədri imzalanma mərasiminin keçirildiyi“Litera” kitab mərkəzinə, həmçinin Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna (MİMTA) minnətdarlıq edib. O, MİMTA-nin və “Litera”nın hər zaman QHT-lərin yanında olduğunu vurğulayıb.
Çıxış edən Mehmet Gökhan Özçubukçu sənədin imzalanma zərurəti və nəzərdə tutan addlmlar barədə danışıb. Qeyd edilib ki, sənəd iki qurum arasında strateji, akademik və intellektual əməkdaşlığın institusional əsasda inkişafını nəzərdə tutur.

Tədbirdə çıxış edən CASPİA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev də öz növbəsində imzalanan sənədin əhəmiyyətindən bəhs edib. O, Azərbaycanın Türk dünyası və Orta Asiya üçün strateji önəmini vurğulayaraq, bu cür əməkdaşlıqların regional inteqrasiyaya və intellektual tərəfdaşlığa böyük töhfə verəcəyini qeyd edib.

Sonra izmalanma mərasimi olub. Sənədi CASCFEN sədri, Əməkdar jurnalist Nadir Azəri və DASAM başqanı, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu imzalayıblar.
Qeyd edək ki,imzalanan protokol çərçivəsində Türkiyə – Azərbaycan münasibətləri, Güney Qafqaz və Orta Asiyanın geosiyasəti, regional təhlükəsizlik, enerji və nəqliyyat dəhlizləri, ictimai diplomatiya və media sahəsində birgə araşdırmalar aparılacaq. Tərəflər Türk dünyası perspektivində ortaq düşüncə istehsalı, bu istiqamətdə sənədlərinin hazırlanması və analitik hesabatların dərcini həyata keçirəcəklər.
Sənəd həmçinin konfranslar, panellər, strateji dialoq görüşləri, gənc tədqiqatçılar zirvələri və vətəndaş cəmiyyəti forumlarının təşkili ilə bağlı əməkdaşlığı ehtiva edir. Üç dilli nəşrlər, rəqəmsal platformalar və regional analitik bülletenlərin hazırlanması da əməkdaşlıq istiqamətləri sırasındadır. Bundan əlavə, ekspert və tədqiqatçı mübadiləsi proqramları, birgə sahə araşdırmaları və qısamüddətli akademik səfərlər həyata keçiriləcək.

Protokola əsasən, tərəflər milli və beynəlxalq qrant proqramlarına birgə müraciət edəcək, Türk dünyası layihələrinin təşviqi və potensialın artırılması istiqamətində ortaq təşəbbüslər irəli sürəcəklər. Əməkdaşlığın koordinasiyası üçün nümayəndələr təyin olunacaq və illik fəaliyyət planı hazırlanacaq. Sənəd qarşılıqlı etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanır və imzalandığı tarixdən etibarən iki il müddətinə qüvvədədir.

İmzalanmadan sonra medianı maraqlandıran suallara cavab verilib.
Sonda xatirə fotosu çəkdirilib.


Xəbər xətti