"Məqsədimiz milli komanda üçün oyunçu yetişdirməkdir". Bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Premyer Liqanın püşkatma mərasimində bildirib.Onun sözlərinə görə, limit yerli oyunçularımızın inkişaf etməsi və legionerlərin səviyyəsinin yüksəlməsi üçün qoyulub: "Vaxtilə legionerlərə görə 20 min manat rüsum ödənilirdi. Bu addımı klublarımızın səviyyəli futbolçularla güclənməsi üçün etmişdik. Hazırda da legioner limitinin azaldılması nəzərdə tutulmur. Əvvəlcə hansısa ölkənin milli komandasında oynayan futbolçunun üzvlük haqqından azad olunması qərara alınmışdı. Bu da gələn legionerlərin səviyyəsinin yüksəldilməsi məqsədilə edilmişdi. Nəticədə klublar 5-10 minə xeyli legioner gətirdilər. Biz də bunun qarşısını almaq üçün hazırkı limiti qəbul etdik. Bəzi gənclər ömrümüz boyu qazanmadığımız pulu 22-23 yaşında qazanır. Bununla da həyatın bitdiyini düşünürdülər. Sonra da AFFA-ya gəlib iş istəyirlər. Hətta bəzi futbolçular dolanışığın çətinliyini əsas gətirərək məndən kömək istəyirlər. Halbuki vaxtında onlara gələcəklərini təmin etmələri barədə tövsiyə verirdik. Son çempionatda da pul az olanda işin daha yaxşı getdiyi müəyyənləşdi. Bu il daha çox yerli futbolçu qazanacağıq. Çünki onlar özlərini göstərməyə məcburdurlar”.
PFL prezidenti deyib ki, baş məşqçi milli komandaya oyunçu seçərkən çətinlik çəkir: "Legioner limitinin azaldılması millimizin oyunçularının hazırlıq səviyyəsinin maksimuma çatdırılması məqsədilə verilib. Həmçinin, çempionatdakı klubların sayının az olması heç də pis hal deyil. Keyfiyyətsiz 30-36 klubdansa, keyfiyyətli 8 komandanın olması daha yaxşıdır. Bu gün heç bir klub hansısa hakimin kimdənsə nəsə istədiyini deyə bilməz. Keçən mövsüm hakimlərimiz avrokuboklarda maraqlı oyunlar idarə etdilər. Çünki orada sərbəstlik var. Heç bir hakimə oyunla bağlı heç nə deyilmir. Kimin udub-uduzmağı komandalardan asılıdır".
R.Musayev aşağı dəstədə mübarizəyə sentyabrın 15-də start veriləcəyini vurğulayıb: "Hələlik çempionat iştirakçılarının sayı tam müəyyənləşməyib. Yeni mövsümdə 12 komandanın iştirakı nəzərdə tutulub. Lakin siyahı hələ məlum deyil. I divizionda oynamaq istəyən klub 200-250 minlik bank təminatı göstərməlidir. Əgər bir komanda Premyer Liqada mübarizə aparmaq istəyirsə lisenziya almalıdır. "Neftçala" klubu ilə lisenziya almaları ilə bağlı dəfələrlə danışıqlar aparmışam. Ancaq komanda lisenziya almadı. Bu il maraqlı bir mövsüm olacaq. Hər bir klubumuz ölkənin ən güclüsüdür".
PFL rəhbəri Gəncə şəhər stadionuna baxış keçiriləcəyini də söyləyib: "Premyer Liqa oyunlarını qəbul edəcək 8 stadionun hamısına baxış keçiriləcək. Sabahdan nümayəndələrimiz hər bir stadionun nəzərdən keçirilməsinə başlayacaqlar. Arenalarda jurnalistlərin normal fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılmalıdır. Hansı stadionda şərait olmasa, texniki avadanlıqların təchizində hər hansı problem yaşansa, həmin klubun rəhbərliyi cərimə olunacaq. Bu il çempionatda istifadə olunacaq rəsmi topları da sifariş etmişik. Toplar ucuz və keyfiyyətli olacaq. Oyunların həftə sonları keçirilməsinə çalışacağıq".report