"Qarabağ"ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "Düdelanj" klubuna qalib gəldikləri oyunla (2:0) bağlı fikirlərini bildirib. Qol.az-ın xəbərinə görə, matdan sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Cavab qarşılaşmasına üstün yollanırsınız...
- Gözlədiyimiz kimi, çətin oyun keçdi. Oyuna rahat başlamışdıq. İki qol vurduq, getdikcə oyun gərginləşdi. İkinci hissədə rəqib daha çox irəli atıldı və istədiyimiz hücumları qura bilmədik.
- İkinci hissədə isə bir qədər ehtiyatlı oynadınız. Komandada fiziki yorğunluq oldu, yoxsa baş məşqçinin tapşırığı idi?
- Biz geriyə çəkilmədik, lakin rəqib ilk hissədə oynamağımıza daha çox imkan verdi. İkinci hissədə isə daha çox pressinq tətbiq etdilər. Daha sonra hücum cəhdlərimiz alınmadığı üçün inamsızlıq yarandı.
- "Düdelanj"ın hücumçusu sənə qarşı qaydanı pozduqdan sonra ona yaxınlaşıb nə dedin?
- Nə dediyim yadımda deyil, amma çox əsəbləşmişdim. Topsuz vəziyyətdə ayağıma zərbə endirmişdi. Həmin epizoddan öncə bir neçə dəfə top itirmişdim deyə biraz gərginlik oldu. Öncədən tam hazır olmadığımız bilirdik. Bu oyun bunu göstərdi ki, hələ tam formaya düşməyə vaxt lazımdır.
- Cavab oyununda gözlənilməz hesab ola bilərmi?
- 2:0 elə də böyük nəticə deyil. Səfərdəki oyun çətin olacaq. Rəqibin əks hücumları təhlükəlidir. Ola bilər ki, öz meydanlarında daha fərqli oynasınlar. Mərhələnin həll olunduğunu düşünmək yanlışdır. Bizi qarşıda 90 dəqiqə, bəlkə də 120 dəqiqə gözləyir.
- Azərkeşlərin az olmağı diqqətini çəkdimi?
- Tətil səbəbi ilə ola bilər. Oyuna gələn azərkeşlərə minnətdarlığımı bildirirəm.