Bu gün AÇ-2016-nın final matçı oynanılacaq. Apasport.az saytının məlumatına görə, turnir Portuqaliya – Fransa matçı ilə yekunlaşacaq. Sayca 15-ci qitə çempionatı olan budəfəki yarışın qalibi həm də tarixə düşmüş olacaq. Belə ki, Portuqaliya yığması qələbə qazansa, ilk dəfə qızıl medalları əldə edəcək. Bununla da pireneylilər Avropa çempionları sırasına daxil olacaq. İndiyədək buna 9 yığma nail olduğundan Fernandu Santuşun yetirmələri 10-cu Avropa çempionu olacaq.
Fransanın qalib gələcəyi təqdirdə isə “xoruzlar” rekorda ortaq olacaqlar. Tarixində iki dəfə final oynayan (1984, 2000) fransızlar hər iki halda kuboku başı üzərinə qaldırıb. Bu dəfə də eyni hal yaşansa, Didye Deşamın yetirmələri Almaniya və İspaniya kimi tarixində 3-cü dəfə bu sevinci yaşayacaqlar.
Ümumilikdə isə Fransa və Portuqaliya milliləri tarixdə 25-ci dəfə üz-üzə gələcəklər. Aşkar üstünlüyə malik meydan sahibləri son 10 qarşılaşmada qələbə qazanıb. Avropa çempionu olduğu hər iki yarışın yarımfinalında əlavə vaxtda qalib gələn “üçrənglilər” uğurlu seriyaya davam, portuqaliyalılar isə son vermək niyyətindədi.
Avropa çempionatı
Final
10 iyul
23:00. Portuqaliya - Fransa
Baş hakim: Mark Klattenburq
Sen-Deni. “Stad de Frans”