İlham Əliyev: "Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır"

17:36 - 20 İyun 2016 - Xəbər

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüş Sankt-Peterburq şəhərində keçirilib.Azərbaycan prezidenti görüşdə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsində “status-kvo” qəbuledilməzdir. “Erməni silahlı qüvvələri bölgədən çıxarılmalıdır. Ümid var ki, Qarabağ nizamlanmasına konstruktiv dinamika vermək mümkün olacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 

Xəbər xətti