“Hamiləliyimin altıncı ayına girmişdim, ərim hər gün “qızdı ya oğlan” sualını verəndə cavabdan qaçmaq üçün bəhanə axtarırdım. Bətnimdəki yenə qız idi. Birinci qızım doğulanda ərim hirsini cehizimdən çıxdı, hər şeyi qırdı, ikincisində isə bir müddət evdən çıxıb getdi. Bu dəfə isə “o qızı doğsan, başımı götürüb Rusiyaya gedəcəm” dedi. Ərim məni nişanlı ikən qaçırmışdı, ailəmlə küsülü idim. O bizi atıb getsəydi, tək başına neyləcəkdim. Beləcə pulla həkim tapıb o qızımı öz əlimlə “öldürdüm”.
“Qafqazinfo” xəbər verir ki, Şərafət Nəbiyeva(43 yaş) ərinin təzyiqi ilə qız övladının ölümünə səbəb olub. Dediyinə görə, özü və həkimi də “şərikli cinayət”dən sonra ağır xəstəliyə tutulublar. Qəhrəmanım deyir ki, bu Allahın cəzası da ola bilər. “Sonuncu abortdan sonra ərimdən yenə də xoş üz görmədim. Həyat yoldaşım bizi atıb Rusiyaya getdi, belə olacağını bilsəydim qızımı “öldürməzdim”.
Ağır abortdan sonra parapsoriaz (ağır dərəcəli dəri xəstəliyi) xəstəliyinə tutuldum. Bütün bədənim yara ilə örtüldü, yüksək dozalı dərmanlardan istifadəyə başladım. Hormonal təsirli dərmanlardan çəkim artmışdı, bir gün qarnında nə isə hərəkət etdiyini hiss edim, müayində həkimin cavabından huşumu itirdim.”
Şərafət 6 aylıq oğlan uşağına hamilə imiş. Buna taleyin istehzası deyirlər, yəqin. Ağır dərmanlardan istifadə edənin sağlam uşaq dünyaya gətirməsi tibb işçiləri üçün də möcüzə olub. 19 və 20 yaşlarında qızları olan bu qadın, yenidən oğlan anası olub. İndi oğlan nəvəsi ilə oğlunun arasında 5 yaş fərq var. Təəssüf ki, hər qadının uğur hekayəsi olmur, amma ağrılı hekayəsi olanlar da çoxdur.
Qəhrəmanımın həyat hekayəsində acı olan təkcə selektiv abortdan əksilən “körpə” deyil, həm də psixoloji zorakılığa məruz qalan qadın, uşaqlar, adət-ənənənin (nişanlısına qaçmış qız, kişinin ”oğlum olsun” “xəstəliyi”) törətdiyi nəticələr, çarəsizlik, gender bərabərsizliyi, savadsızlıq, həkim cinayəti kimi məqamlar var. Təəssüf ki, günümüzdə belə ailə dramları yaşayanlar az deyil. Hələ də ailələr var ki, doğulacaq övladın sağlamlığını arzu etməzdən qabaq onun cinsiyyətini öyrənməyə tələsirlər ki, öz eqolarına uyğun xəyallar qursunlar. İstəklərinə uyğun olmadıqda övladı yox etmək kimi davranış isə ətrafdan normal qarşılanır.
Hamiləliyin süni şəkildə pozulması-abort, qadınlarımız arasında bir ənənəyə də çevrilib. İstədikləri cinsdə uşağı dünyaya gətirmək üçün bir ultrasəs müayiəsinin cavabı bəs edir. Abort bir qrup tərəfindən “qətl” kimi qarşılansa da, onun qadağa ilə dayandırmaq qeyri-mümkündür. Qanunvericilikdə məsələnin hüquqi tərəfi əks olunub.
Bu haqda “Qafqazinfo” açıqlama verən hüquqşünas Xəyal Feyzullayevin sözlərinə görə, hamiləliyin süni pozulmasının tibbi göstəricilərinin siyahısı (ərin 2-ci qrup olması, qadın və ya kişinin məhkumluğu, cinsi zorakılıqdan yaranan hamiləlik, işsizlik, yaşayış şəraitinin pis olması, nigahdankənar hamiləlik və.s) 1999-cu ildən Səhiyyə Nazirliyinin müvafiq qərarında əksini tapıb. Qanunsuz abort cinsi ayrıseçkiliyə görə də aparılsa cinayət sayılır, bu hamiləliyin 12-ci həftəsi, sosial göstərişlərə əsasən isə 22-ci həftəsindən sonra abort prosedurlaraına aiddir.
Cinayət Məcələsinin 141-ci maddəsinə əsasən “qanunsuz abort”-tibb müəsisəindən kənarda və tibbi təhsili olmayan tərəfindən aparılan abort hesab edilir. Hamiləliyi süni şəkildə pozulması nəticəsində “icraçı” pasiyentə zərər yetirirsə, 200 manatadək cərimə, ağır nəticəyə görə isə 5-6 ilədək azadlıqdan məhrumedilmə nəzərdə tutulur”.
Çox təəssüf ki, bu günə qədər qanunsuz abortla bağlı hər hansı həkim cinayət məsuliyyətinə cəlb olunmayıb. Sosioloqların bir qrupu abortun qadağasını tələb edirlər, amma bu çıxış yolu deyil və qeyri-mümkündür. Miasal üçün, Hindistanda 1994-cü ildən doğulanın cinsiyyətini öyrənmək qadağa olsa da hər il, minlərlə abort və selektiv abort həyata keçirilir. Baxmayaraq ki, İranda 1980-ci ildən abort qadağası elə tətbiq olunur ki, həm ailə planlaşdırılması instututu normal işləyir, həm də əhali arasında reproduktiv sağlamlıqa bağlı normal nəticələr var.
Ölkəmizə gəldikdə, statistik göstəricilər abort barədə təssəvvür yaratsa da, selektiv (cinsə görə) abort barədə dəqiq rəqəm göstərmək mümkün deyil. Amma bu o demək deyil ki, demoqrafik araşdırma ilə təxminlər etmək çətindir.
Belə ki, Azərbaycan 1990-ci illərdən bəri dünyaya gələn uşaqların cins nisbətinə görə dünya üzrə Çindən (hər doğulan 100 qıza, 120 oğlan düşür) sonra 2-ci yeri tutur. Ardınca Ermənstan , Gürcüstan, Koreya beşliyi (BMT, 2011 hesabatı) paylaşır. Normalda hər doğulan 100 qız uşağına 105 oğlan düşməlidirsə, bizdə hər doğulan 100 qıza 116 oğlan düşür. Hətta Azərbaycan qız uşaqlarını seçib öldürən Hindistandan (hər doğulan 100 qıza 108 oğlan düşür) öndədir.
BMT sənədlərinə görə, əgər 1985 ildə cins nisbəti 107 idirsə, 2010 cu il üçün bu rəqəm 117, 2013-cü il üçün isə həmin göstərici 116 olub. Hesabatda cinsə görə nisbətin pozulması ilə yanaşı, ötən 50 ilə ərzində (1961-2010) Azərbaycanda nəsilvermədə də ciddi azalma olduğu qeyd edilir. Ümumi nəsilvermə əmsalı (hər qadına düşən doğuşların orta hesabla sayı) - 1961-ci ildə 5.6 olmuşdursa, 2010-cu ildə bu göstərici 2.3 uşağa düşüb. Əsas səbəblər olan ailələrin 2-dən artıq uşaq istəməməsi, hər cinsdən birini (bir qız, bir oğlan) arzulanması, həm də abort bəlasına təkan verən amillərdir. Bəs biz bu dərinləşmiş problemlə hara gedirik?
Qızlar yox edilirsə, bəs oğlanları kim dünyaya gətirəcək?
Azərbaycan ailəsində abort təkcə uşaqdan imtina məqsədini daşımır. Selektiv abort kimi yayılan bu “çarə” ailə üçün oğlan və qız istəyini yerinə yetirir. Başqa sözlə, oğlan uşaqlarının seçilib doğulması üçün abort ailələr üçün gözəl “fürsətdir”. Bir qrupun “təki övladım olsun” deyə pullar xərcləndiyi zamanda, bəziləri hamiləliyini kefi istədiyi kimi poza bilir.
Oğlanlara üstünlük verilməsinin köklü səbəbləri hər kəsə aydındır. Nəsli davam etdirmək düşüncəsi, “kişinin oğlu olar” kimi xəstə ictimai qınaq-ən başlıca səbəblərdir. Qız uşaqlarını xor görən bəzi kişilər həyat yoldaşını aborta bu səbəbdən göndərəndə analarının da qadın olduğunu unudurlar.
“Nə yaxşı ki, qızım yoxdur” kimi yayılmış qeyri-sağlam təsəllinin əsasında isə yenə də nadanlıq dayanır. Axı qaranlıqdan şikayət edən insan danışmaqdansa, bir şam yandırmaqla işıqlığa nail ola bilər. Bəs nə üçün hələ də steriotiplərdən azad olmayan saysız insanımız var? Çoxu oğlan uşağı üçün ultrasəs müayinəsi kabinetinin qarşısını kəsdirir?
Ginekoloq Arzu Məhərrəmova da təcrübəsindən çıxış edərək qeyd edir ki, kişilər hələ də elə bilir ki, dölün cinsini qadın təyin edir. Hər şey kişidən asılıdır. Dəfələrlə pasiyentlər arasında belə mübahisələrin şahidi olmuşam. Hətta qadını oğlan doğmur deyə, başqa qadına gedən ağılsız kişilər də çoxdur. Hər kəs qadını təqsirləndirir, oğlan istəyən də, qız arzulayan da. Heç bir qadın abort, selektiv abortu arzulamır. Çünki bu proses ağrılı və sağlamlıq üçün risklidir. Təəssüf ki, kontraseptivlərdən istifadə xüsusən, rayon, kənd yerlərində aşağı səviyyədədir. Bu da təbliğata bağlı olan məsələdir.”
BMT-nin Əhali Fondu (UNFPA) da ölkəmiz üçün abortların ümumilikdə çoxalmasının başlıca səbəbini kontraseptiv vasitələrdən (hamiləliyin qarşısını alan) istifadənin azlığında görür. Təşkilatın araşdırmalarına görə, 15-49 yaş arası qadınların yalnız 14%-i müasir üsullardan, 41%-i ənənəvi, 45-i isə diğər üsullardan istifadə edir. Təkcə 34-35 yaş arasında hamiləliklərin dörddə üç hissəsi abortla nəticələnir. Son araşdırmalar göstərir ki, Azərbaycanda hamiləliyin 52,7%-i diri doğuşla, 40,9%-i abortla, 6,4%-i isə digər səbəblərdən pozulur.
İllər ərzində doğum və abort arasında maraqlı məqam ortaya çıxıb. Rəsmi statistikaya baxsaq, misal üçün 2013-cü ildə 171.508 doğuş, 27. 892 abort halı olubsa, 2-14-cü ildə 168. 889 doğuş, 27.220 abort baş verib. Doğumda azalma fərqi var, abort sayında isə cüzi fərq qeyd olunub. Bu hələ reallıq demək deyil. Nəticə olaraq kontraseptiv vasitələrdən az istifadə arzuolunmaz hamiləlik, doğuma nəzarət, abort kimi nəticələrə gətirir. Buna səbəb ailə institutunun, ən aşağı mərhələdə isə cəmiyyətdə cinsi tərbiyənin, maarifləndirmənin cüzi olmasıdır.
Cəmiyyətdə “Oğlum olsun! ”un ağır nəticələri
BMT-nin Əhali Fondunun proqnozuna görə, əgər doğulan uşaqların cins nisbəti 116 və ya artıq olarsa, 2050-ci ilə qədər bizi dərin iz açan problemlər gözləyir. Oğlan uşaqlarının çox olması, cəmiyyət üçün ağır nəticələrə gətirib çıxaracaq. Erkən nigah, ailədaxili zorakılıq, gender bərabərsizliyi, insan alveri, kriminal vəziyyət, eynicinsli münasibətlər çoxalacaq. Bu gün üçün artıq nəticələri sezməkdəyik.
Az əvvəl millət vəkili Aydın Mirzəzadə bəyan etdi ki, son statistik məlumatlar cəmiyyətdə ayılmaya səbəb olmalıdır. Onun sözlərinə görə, 2015-2016 tədris ilində ümumtəhsil məktəblərinin IX siniflərini 111217 nəfər bitirəcək ki, bunun 51010 nəfəri qız, 60207 nəfəri oğlandır”.
Deputat xatırladıb ki, eyni zamanda, bu il XI sinifləri 89325 nəfər bitirəcək ki, bunun da 39643 nəfəri qız, 49682 nəfəri oğlandır. “Bu isə o deməkdir ki, 5-10 ildən sonra ailə qurmaq istəyən oğlanlar artıq ölkəmizdə qız çatışmazlığı ilə üzləşəcəklər”,-deyə o əlavə edib. İnsanlarsa, övladı dünyaya gətirən zaman cinsi ayrıseçkiliyin təqsirini hələ də ultrasəs müayinəsi aparatlarında, ənənələrdə, ətrafın ictimai qınağında , doğru yanlışlarda görürlər. Halbuki inqilab düşüncələrdə olmalıdır, xanımlar və cənablar ...
P.S.Amerikalı həkim-ginekoloq, abort kralı Bernard Natanson(1926-2011), 1984-cü ilə qədər ABŞ-da 60.000-ə qədər abort əməliyyatı aparsa da, sonra özünü lənətləyib və “Səssiz bağırtı” (The silent scream”) sənədli filmini çəkib. Tək bir video yüzlərlə insanın planlarını, arzularını dəyişib. Deməli, müasir audiovizuallı, sosial video çarxlar çıxış yolu ola bilər.
Azərbaycanda hər 100 qadından 70-80-i abort etdirir. Selektiv abortla mübarizədə dramaturq Firuz Mustafanın “Qatillər” hekayəsi kimi əsərlər yazılmalı və oxunmalıdır. Belə əsəri oxuyan qadının selektiv abortdan imtinası mümkündür.
Bu yazı BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyi (UNFPA Azerbaijan) tərəfindən keçirilən müsabiqəyə təqdim olunur .