Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna xaricdə təhsil alan tələbələrə hərbi çağırışa möhlət hüququnun verilməsi ilə bağlı mühüm dəyişiklik edildi. Həmin məsələ ilə bağlı, Milli Məclisin deputatı Rafael Cəbrayılovun "Üç nöqtə”yə verdiyi müsahibəni təqdim edirik.
- Rafael müəllim, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilmiş dəyişikliyin əsas mahiyyəti nədən ibarətdi?
- Bu gün qüvvədə olan qanuna görə xarici ölkələrin ali məktəblərində əyani təhsil formasında təhsil alan o, şəxslərə təhsilini bitirənədək hərbi çağırışdan möhlət hüququ verilir ki, həmin ali məktəb Təhsil Nazirliyimizin təsdiq etdiyi siyahıya daxil edilmiş olsun. Təhsil Nazirliyinin bu siyahısına reytinqi yüksək olan ali məktəblər daxil edilirdi. Amma xarici ölkələrin reytinqi nisbətən aşağı olan ali təhsil müəssisələri bu siyahıya daxil edilmirdi. Təbii ki, belə olan halda da bu ali təhsil müəssisələrində təhsil alan soydaşlarımız möhlət hüququndan istifadə edə bilmirdilər. Belə ki, xarici ölkələrdə təhsil alan soydaşlarımızın bir qisminə möhlət hüququ verildiyi halda, digəri qisminə bu hüququn verilməməsi düzgün hesab edilə bilməz. Ona görə də Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişikliyə əsasən bundan sonra xarici ölkələrin bütün ali təhsil müəssisələrində əyani təhsil formasında təhsil alan soydaşlarımız hərbi çağırışa möhlət hüququndan istifadə edə biləcəklər. Yəni,Təhsil Nazirliyinin təsdiq etdiyi siyahıda olub,olmamasından asılı olmayaraq istənilən xarici ölkənin ali təhsil müəssisəsində əyani təhsil alan hər kəsə hərbi çağırışdan möhlət hüququ veriləcək.
Yalnız diqqət yetirilməli məsələlərdən biri də budur ki, bu möhlət hüququ ikinci ali təhsil alan şəxslərə şamil olunmayacaq.
- Bəs bu dəyişikliyin xaricdə təhsil alan tələbələrə hansı faydaları olacaq?
- Əvvəla onu deyim ki, qəbul olunmuş bütün qanunlar, eləcə də qanunlara edilmiş əlavə və dəyişikliklər cəmiyyətin daha da demokratikləşdirilməsi üçün edilir. Təbii ki, bu qanuna edilmiş dəyişikliyin də cəmiyyətə və ən əsası da xaricdə təhsil alan tələbələrə faydaları olacaq. Belə ki, qanuna edilmiş dayişikliyə əsasən ən azından xarici ölkələrin təhsil müəssisələrində əyani təhsil formasında təhsil alan gənclərə hərbi xidmətdən möhlət hüququnun verilməsində bərabər hüququluq təmin ediləcək. Heç şübhəsiz ki, bu da gənclərin istər təhsil aldığı müddətdə, istərsə də sonrakı həyat fəaliyyətlərində öz müsbət töhfələrini göstərəcək.
Elməddin