Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid ediləcəyini açıqlayıb. Açıqlamada bildirilir ki, məqsəd heyvanların A məntəqəsindən B məntəqəsinə daşınaraq bazarlarda sərgilənməsi və satışa çıxarılması əvəzinə, müasir heyvan satış birjaları (online satış) tətbiq edilsin.
Ucnoqta.az xəbər verir ki, AQTA-nın bu qərarı da geniş müzakirələrə səbəb olub. İqtisadçı Natiq Cəfərli bildirir ki, bütün dünya ölkələrində inkişaf trakteoriyası ənənələrə söykənir:
"İstənilən halda ənənələr vacib amildir. Azərbaycanda da min illik bazar ənənələri var. Həmin ənənələr bu gün də yaşayır. Hər kəs bəslədiyi heyvanı “mal bazarı”na çıxarıb satır, geri dönəndə isə zəruri ehtiyaclarını alır. Nəticədə insanlar təkcə heyvanını satmır, həm də zəruri ehtiyaclarını tədarük edib geri dönür və əlavə xərclərdən qurtulur. Yəni insanlar bazara təkcə satmaq üçün yox, həm də almaq üçün çıxırlar".
Natiq Cəfərlinin sözlərinə görə, indi bu ənənələri məhv edib “mal bazarı”nı digital formada təşkil etmək istəyirlər:
"Onlayn birja kimə lazımdır? Bir dənə quzu satmaq istəyən sadə insan hansı formada o birjada iştirak edə biləcək? Və bir quzunu satmaq üçün nə qədər gözləməli olacaq, çatdırılma neçə təşkil olunacaq?
İnsanda belə bir təsəvvür yaranır ki, AQTA-nın son zamanlar atdığı bütün addımlar proseslərin çətinləşdirilməsini və qiymətlərin bahalaşdırılmasını hədəfləyib. Elə bil kompyuter oyunları həvəskarları olan gəncləri bir yerə yığıblar, onlar da həyatı kompyuter oyunu sanır, hər şeyi online həll etməyin mümkünlüyünü düşünür, mal-heyvan saxlayanların əziyyətini anlamırlar, ənənələrə hörmət etmirlər. Bəlkə də, məsələn, camış göstərsən tanımazlar, fermerin nələr çəkdiyini bilmirlər, kompyuter arxasında oturub “müasirləşirlər”, anlamırlar ki, ənənəsiz, keçmişə söykənməyən gələcək olmur..."