Amerikalı milyarder Elon Maskın şirkəti olan SpaceX ABŞ prezidenti Donald Trampın "Qızıl Günbəz" layihəsinin bir hissəsi olaraq raket və təyyarələri izləyə bilən peyklərin hazırlanması üçün 2 milyard dollar alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, maliyyələşdirmə Trampın iyul ayında imzaladığı vergi və xərc qanun layihəsinə daxil edilib, lakin podratçı ictimaiyyətə açıqlanmayıb.
Mənbələrə görə, layihə sonda 600-ə qədər peykdən ibarət ola bilər. ABŞ Müdafiə Nazirliyinin rəsmiləri hələlik "Qızıl Günbəz" layihəsi üçün heç bir böyük müqavilə imzalamayıblar və hazırda xərcləri planlaşdırırlar.
WSJ mənbələri SpaceX-in peykin hazırlanması üçün 2 milyard dollarlıq müqavilə alacağını bildiriblər.
Pentaqon sözçüsü indiyə qədər SpaceX-in iştirakı ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Şirkət də bu məlumatı şərh etməyib.
