Bərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTO

19:55 - 19 İyun 2025 - ÖLKƏ İÇİ

Bərdə rayonunda “İlkin tibbi-sanitariya yardımı: mövcud vəziyyət, çağırışlar və imkanlar” mövzusunda Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin səyyar iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Soltan Məmmədov, Kəmaləddin Qafarov, İlham Məmmədov, Müşfiq Məmmədli, Pərvanə Quliyeva, Fatma Yıldırım o cümlədən, TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova, İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, həmçinin Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Bərdə rayonunda yerləşən abidəsi ziyarət edilib. Daha sonra Bərdə rayonunun Qaradəmirçi Kənd Həkim Məntəqəsi və 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinə baxış keçirilib. Burada yaradılan şərait, vətəndaşlara göstərilən tibbi xidmətlərlə tanışlıq olub.

Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov ölkəmizdə aparılan səhiyyə siyasəti, son dövrlərdə səhiyyə sahəsində aparılan uğurlu islahatlar və ilkin tibbi-sanitariya yardımının önəmi barədə məlumat verib. Komitə sədri bildirdi ki: “Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin dövlət tibb müəssisələrinə inamını getdikcə artırır. Dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Bir sıra dövlət proqramlarının reallaşdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri vardır. Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atmışdır. Tibb sahəsində görülən işlər, islahatlar nəticəsində respublikada bir sıra yoluxucu xəstəliklərə qarşı mübarizə işi müvəffəqiyyətlə təşkil edilmişdir. Səhiyyə islahatları çərçivəsində əsas istiqamətlərdən biri də sığorta sisteminin tətbiqidir. Ölkəmizdə "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu və bir çox hüquqi normativ aktlar qəbul edilmişdir. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün, həmin xidmətlərə əhalinin əlçatanlığını təmin etmək məqsədi ilə İcbari tibbi sığortanın tətbiqi həyata keçirilir. Seçicilərlə görüşlərdə, vətəndaşlarla olan qəbullarda əhalinin tibbi sığortadan məmnunluğu ifadə olunur. Vətəndaş məmnunluğunun daha da yüksəldilməsi və mövcud problemlərin aradan qaldırılması istiqamətində Milli Məclisinin Səhiyyə Komitəsinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, TƏBİB-in, eləcə də digər tibb müəssisələri birgə fəaliyyət fəaliyyət göstərir və müvafiq layihələr hazırlanılır.”

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ilkin səhiyyə xidmətinin icbari tibbi sığorta sistemindəki yeri və bu xidmətlərin prioritet istiqamətlərdən biri olması barədə danışıb. O qeyd edib ki, əhalinin sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanaraq qarşısının alınması, həmçinin sığorta fondunun səmərəli istifadəsi baxımından ilkin səhiyyə xidmətlərinin rolu danılmazdır.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib ki, ilkin səhiyyə xidməti tibb sahəsində mühüm əhəmiyyətə malikdir. O qeyd edib ki, insan mərkəzli xidmətin qurulması və ilkin səhiyyə xidmətlərinin effektiv təşkili tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, xidmətlərə bərabər əlçatanlığın təmin olunması və maliyyə resurslarının səmərəli istifadəsi baxımından mühüm rol oynayır. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov rayonda ilkin səhiyyə xidməti və tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, bununla yanaşı, cari ilin yanvar ayından etibarən tibb işçilərinin təlimlərə cəlb edilməsi, ilkin səhiyyə şəbəkəsinin optimallaşdırılması, coğrafi təhkimolunmanın tamamlandığını, ilkin səhiyyə müəssisələrinin modul tipli yeni məntəqələrlə əvəzlənməsi prosesindən danışıb.

TƏBİB-in Hüquq departamentinin rəhbəri Aynur Hüseynova ilkin tibbi-sanitariya yardımı üzrə normativ hüquqi bazanın olmasının önəmi, eyni zamanda mövcud vəziyyət, qarşılaşılan çətinliklər və təkliflər barədə məlumat verib.

TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı ilkin səhiyyə xidmətinə konseptual baxış, TƏBİB-in bu istiqamətdə gördüyü işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. R.Çobanlı həmçinin infrastruktur, kadr potensialının gücləndirilməsi, rəqəmsal həllərin tətbiqi, tibbi xidmətlərin çeşidinin artırılması, infrastruktur planlamasından danışıb.

İclasın yekununda millət vəkillərinin rəy və təklifləri dinlənilib, səsləndirilən suallar cavablandırılıb.
 

  • Bərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTOLAR
  • Bərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTOLAR
  • Bərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTOLARBərdədə Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirildi - FOTOLAR

Xəbər xətti