“Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi Qəbələdə

13:09 - 1 İyun 2025 - Cəmiyyət

31 may 2025-ci il tarixində Qəbələ rayonunda “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə reallaşır.

Bu dəfəki görüşün əsas məqsədi gənclərin təkcə peşə seçimi deyil, eyni zamanda öz bacarıqlarını və maraqlarını tanımaq istiqamətində düşünmələrinə təkan vermək olub. Layihə rəhbəri Həzrət Bədiyev tədbirin açılışında çıxış edərək bildirib ki, cəmiyyətin inkişafı üçün vacib olan əsas amillərdən biri də gənclərin öz imkanlarını düzgün qiymətləndirərək gələcək planlarını formalaşdırmasıdır. O qeyd edib ki, bu layihə regionda gənclər üçün motivasiya mənbəyinə çevrilməyi və onların potensiallarını kəşf etmələrinə dəstək olmağı qarşısına məqsəd qoyub.

Tədbirdə təlimçi qismində iştirak edən Karyera və İnkişaf Mərkəzinin əməkdaşı Rufanə Yaralıyeva isə daha fərqli mövzuya toxunub: “Peşə seçimi yalnız konkret bir sahəyə yönəlmək deyil, həm də insanın özünü tanıma prosesidir. Çox vaxt bizə “filan peşə gəlirlidir” və ya “filan sahədə iş tapmaq asandır” deyirlər. Amma əsas sual budur: biz bu sahədə xoşbəxt ola biləcəyikmi?”.

Rufanə Yaralıyeva çıxışında qeyd edib ki, peşə seçiminə sadəcə nəticə yönümlü deyil, proses yönümlü baxmaq lazımdır. Yəni gənclər yalnız hansı sahədə işləmək istədiklərini deyil, bu sahədə çalışarkən hansı bacarıqlarını inkişaf etdirəcəklərini və bu prosesdən necə zövq alacaqlarını da nəzərə almalıdırlar.

Tədbirdə gənclər qrup tapşırıqları vasitəsilə öz maraq sahələrini müəyyənləşdirib, gələcəkdə seçə biləcəkləri sahələrlə bağlı fikir mübadiləsi aparıblar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Bu tədbir, iştirakçılar üçün yalnız maarifləndirici deyil, həm də fərdi inkişaf baxımından ilhamverici bir təcrübə olub.

Xəbər xətti