Aprelin 25-də Nəsimi rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.
Baş Prokurorluqdan Ucnoqta.az-a verilən məlumata görə, tədbirdə Baş prokuror Kamran Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasim iştirakçıları binanın foyesində yerləşən ümummilli lider Heydər Əliyevin büstünü ziyarət ediblər.
Məlumat verilib ki, istifadəyə verilən yeni inzibati bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.
Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, vətəndaşların qəbulu üçün xüsusi hissə, konfrans və iclas zalları yaradılıb. Eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.
Əlavə olaraq qeyd olunub ki, yeni binada “Elektron Prokurorluq” informasiya sistemi də tam şəkildə tətbiq olunub. Bu sistem vasitəsilə sənəd dövriyyəsi rəqəmsal müstəvidə həyata keçirilir, işin çevikliyi və şəffaflığı artırılır.
İnzibati bina ilə tanışlıqdan sonra yeni binanın akt zalında iclas keçirilib.
Baş prokuror Kamran Əliyev yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə prokurorluq əməkdaşlarını təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında bildirib ki, yaradılan müasir iş şəraiti prokurorluq əməkdaşlarından daha böyük məsuliyyət, yüksək peşəkarlıq və qanunçuluğa sadiqlik tələb edir.
Kamran Əliyev prokurorluq əməkdaşlarını daim öz üzərində çalışmağa, bilik və bacarıqlarını təkmilləşdirməyə, eləcə də fəaliyyətlərini dövlətçiliyə sədaqət, dürüstlük və obyektivlik prinsipləri əsasında qurmağa çağırıb.