ABŞ-dakı müsəlman və yəhudi ictimai təşkilatları ölkə prezidenti Donald Trampı “Fələstinli” sözünü təhqir kimi istifadə etməkdə ittiham edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti yazır.
Çərşənbə günü jurnalistlərin suallarını cavablandıran Tramp, demokratların martın 6-da konqresmenlər qarşısında prezidentin çıxışına mənfi reaksiya verməsi ilə bağlı Senatın Demokratlar Partiyasının lideri Çak Şumeri tənqid atəşinə tutub.
Tramp jurnalistlərə açıqlamasında "Şumer fələstinlidir, mən deyə bildiyim qədər. O, fələstinli olub. Əvvəllər yəhudi olub, artıq yəhudi deyil, fələstinlidir" deyib.
ABŞ-ın ən böyük yəhudi müdafiə təşkilatı Anti-Famation League (ADL) tənqidi bəyanatla çıxış edərək, ABŞ prezidentinin səlahiyyətlərinin ona kim yəhudi olub, kimin yəhudi olmadığını müəyyən etmək hüququ vermədiyinə işarə edib.
Ölkənin ən böyük müsəlman qeyri-hökumət təşkilatı olan Amerika-İslam Münasibətləri Şurası (CAIR) də Trampın sözlərini pisləyib, onun fələstinliləri marginallaşdırdığını bildirib və prezidenti üzr istəməyə çağırıb. Qrupun rəhbəri Nihad Avad deyib: “Prezident Trampın “Fələstinli” ifadəsini irqi təhqir kimi işlətməsi hədsizdir və onun ofisinin ləyaqətindən aşağıdır”.
Amerika müsəlmanları və yəhudilərinin digər böyük ictimai birlikləri də Trampı tənqid ediblər.