İran və ABŞ artıq vasitəçilər vasitəsilə danışıqlar aparır

14:09 - 13 Mart 2025 - DÜNYA

Tehran və Vaşinqton əlaqələr saxlayır və vasitəçilər vasitəsilə artıq İranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

"Bizim mümkün nüvə danışıqları ilə bağlı planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam edir və üç Avropa ölkəsi ilə də qarşılıqlı əlaqə kanalı saxlanılır", - nazir İran qəzetinə deyib.

O əlavə edib ki, İran Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq edir.
"Hazırda mövcud problemlərin həlli üçün yeni təşəbbüs nəzərdən keçirilir", - Əraqçi qeyd edib.

"Əgər biz qarşı tərəfin maksimum təzyiq siyasətini tətbiq etdiyi bir şəraitdə danışıqlara başlasaq, o zaman biz onlara açıq-aşkar zəif mövqedən daxil olacağıq və heç bir nəticə əldə etməyəcəyik. Söhbət inadkarlıqdan və ya idealist prinsiplərdən deyil, peşəkar yanaşmadan gedir. Qarşı tərəfə təzyiq strategiyasının səmərəsiz olduğunu sübut etmək lazımdır və yalnız bundan sonra bərabər şərtlərlə danışıqlar masasına oturmaq mümkün olacaq”, - deyə Əraqçi əlavə edib.

Xəbər xətti