Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şibani ölkəyə yardım göstərən donorların beynəlxalq konfransında iştirak etmək üçün ilk dəfə martın 17-də Brüsselə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Suriya hakimiyyəti 9-cu dəfə keçirilən konfransda ilk dəfədir təmsil olunacaq.
Prezident Bəşər Əsədin dövründə rəsmi Dəməşqin tədbirdə iştirakına icazə verilməyib və donor ölkələrin topladığı vəsait hökumətdən yan keçməklə müxtəlif təşkilatlara ötürülüb.
Konfransda Suriyaya beynəlxalq dəstək, onun iqtisadiyyatının bərpası və ölkədə yeni siyasi sistemin formalaşdırılması məsələlərinin müzakirə ediləcəyi gözlənilir.
Ehtimal edilir ki, konfransda Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara iştirak edəcək.