Tacikistan və Qırğızıstan prezidentləri Emoməli Rəhmon və Sadır Japarov 2021-ci ildən bağlı olan ümumi dövlət sərhədini videobağlantı vasitəsilə açıblar.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, açılış mərasimi Tacikistan liderinin Qırğızıstana dövlət səfəri çərçivəsində baş tutub.
Tacikistan və Qırğızıstan arasında ümumi dövlət sərhədinin hissələrində yerləşən sərhəd-keçid məntəqələrinin rəsmi açılışı hər iki ölkənin Bişkekdə yerləşən rəhbərlərinin, eləcə də keçid məntəqələrində olan hər iki tərəfin yüksək vəzifəli şəxslərinin iştirakı ilə onlayn rejimdə baş tutub.
Sərhəd 2021-ci ildə sərhəd bölgəsində mübahisəli ərazilərdə yaşayan sakinlər arasında bir sıra ciddi münaqişələrdən sonra bağlanıb. Eyni zamanda Düşənbə ilə Bişkek arasında birbaşa uçuşlar dayandırılıb.