COP29-la bağlı xüsusi avtomobillərin hərəkəti üçün test keçirilir

12:49 - 19 Oktyabr 2024 - Xəbər

Noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkəti məlumat yayıb.

Monitorinq tədbirləri çərçivəsində bu gün saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqqalma məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir. 

Monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.

Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.

Monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.

Xəbər xətti