Uzaqgörən və qətiyyətli Lider - Üçrəngli bayrağımız bütün şəhər və rayonlarımızda dalğalanır

13:56 - 18 Oktyabr 2024 - Cəmiyyət

Bildiyimiz kimi 2021-ci il oktyabrın 15-də Milli Məclis Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.

Tarixən Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətin olub. Azərbaycan xalqı 1990-cı illərin əvvəllərində yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Amma xalqımız bu ağır günlərdə  yüksək dözümlülük nümayiş etdirərək öz gələcəyinə sahib çıxdı.

1993-cü ildə xalqın təkidi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədi və dönməz etdi. Sözün əsl mənasında, Azərbaycan əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi. 

Ulu Öndər ölkədə yaranmış xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan sağlam təməllər üzərində yeni inkişaf yolunu tutdu. Ulu Öndər Heydər Əliyev müasir dövlət quruculuğu istiqamətində işlərə başladı. Ümummilli Liderin başlatdığı uğurlu fəaliyyət nəticəsində qısa müddət ərzində Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatlarının yüksək kürsülərindən eşidilməyə başladı. 

Bir sözlə, Azərbaycanın müstəqilliyinin əbədiliyi və dönməzliyi Ümummilli Liderin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətindəki uğurlu fəaliyyəti onun layiqli davamçısı, Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə bütün sahələr uğurlu inkişafa nail olub. Azərbaycan regionda cərəyan edən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib. Dövlətimizin başçısının apardığı uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə dayanır. Müstəqilliyimizi borclu olduğumuz Ümummilli Liderin ən böyük arzusu işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi.

"Ata Vəsiyyətini" onun layiqli davamçısı Cənab Prezident İlham Əliyev reallaşdırdı. Sözsüz ki, Ulu Öndər Heydər Əliyevin xalqımıza qazandırdığı ən böyük dəyər Cənab Prezident İlham Əliyevdir. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində işğala son qoyuldu, düşmən torpaqlarımızdan qovulub çıxarıldı, ərazi bütövlüyümüz bərpa edildi. Artıq işğaldan azad olunmuş ərazilərimizə həyat qayıdır.

Dövlətimizin başçısının göstərişinə əsasən azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı icra olunur. Görülən işlər Azərbaycan dövlətinin gücünü, qüdrətini, iqtisadi imkanlarını nümayiş etdirir. Bu da dosta güvən, düşmənə qorxu verir. Beləliklə, bu gün Azərbaycanın üçrəngli Dövlət Bayrağı ölkəmizin bütün şəhər və rayonlarında dalğalanır. Özünün müdrik, uzaqgörən və qətiyyətli Liderinin rəhbərliyi ilə möhtəşəm uğurlara imza ataraq tarixi Zəfər qazanan xalqımız bütün dünyaya göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!

Fərid Əliyev

Xəbər xətti