"Şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki..." - Milli qəhrəmanın qardaşı

10:39 - 26 İyun 2024 - Cəmiyyət

“33 ildir ki, biz Natiqin ölüsünü, dirisini axtarırdıq. Gözləyirdik ki, bir xəbər çıxacaq. Hətta bu illər ərzində onun sağ olduğunu deyib, bir milyon manat istəyən də olub. Təəssüflər olsun ki, bu faktlar öz təsdiqini tapmayıb. “Oğul” filmi meydana çıxandan sonra bildik ki, o artıq həyatda yoxdur. Hələ 1992-ci ildə Allahverdi Bağırov dedi ki, Vitali Balasanyandan da soruşdum, o dedi ki, Natiqi yandırıblar.

“Oğul” filmində erməni özü etiraf edir ki, onu doğrayıblar. Ölümünü qəbul etmişdik. O boyda erməni qırmışdı, kim onu sağ buraxardı?! Ən azından arzulayırdıq ki, göstərdiyi şücayəti, qəhrəmanlığı heç olmasa qiymətləndirsinlər. Xalqımız, millətimiz hər zaman Natiqin şəkilini sosial şəbəkələrdə paylaşıb yazırdılar ki, bu Milli Qəhrəman adına layiq görülməlidir. Sağ olsun cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev! Ailəmiz adından ona təşəkkür edirik. Bizim üçün böyük şərəf oldu”

Ucnoqta.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Milli Qəhrəman Natiq Qasımovun qardaşı Nofəl Qasımov deyib. O daha sonra əlavə edib.
“Kövrələ-kövrələ bu xəbəri oxudum. Hamı zəng edib təbrik edir, evimizə axışırlar. Mənim bu gün ad günümdür, 64 yaşım tamam olur. Bu gün də Natiqin qəhrəmanlığı haqda bütün efirlərdə danışdılar. Sabah da Silahlı Qüvvələr günüdür. Həm də nəvəmin ad günüdür. Sevincli, kədərli, qürurlu günlərdir. Anamın səhhətində problemlər olsa da, xəbəri ona da demişik. Ağlayır, sevinir, kövrəlir. Anam üçün Natiqin Milli Qəhrəman adına layiq görülməsi böyük təsəlli oldu. Sabah səhərdən başlayaraq bir çox televiziyaların canlı yayımlarına dəvət almışam. Sevinc və kədər hisslərimi tamaşaçılarla bölüşəcəm” - deyə Nofəl Qasımov deyib.

Xəbər xətti