Dünyanın heç bir ölkəsində qanunvericilik çərçivəsində pensiya yaşının azaldılmasına baxılmır.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev bildirib.
O bildirib ki, bu gün dünyada uzunömürlülük artır.
"Pensiya yaşının azaldılması əvəzinə artırılması bu gün dünyada müzakirə olunur. Ona görə də azaldılması məsələsini gündəmə gətirəndə bunu nəzərə alasınız”, - deyə deputat bildirib.
Deputat xatırladıb ki, hazırda Azərbaycanda 1 milyon 100 min pensiyaçı var.
"6 ildən sonra pensiyaçıların sayı 1 milyon 300 min nəfərə çatacaq, 2040-ci ildə 1 milyon 600 min nəfər olacaq. Yəni insan ömrünün uzanması ilə bağlı məsələlər gedir. Biz muzdlu qaydada çalışan insanların sayını artırmalıyıq. 5 milyon 300 min iqtisadi fəal əhali var, yalnız 1 milyon 700 min nəfəri muzdlu qaydada əmək müqaviləsi bağlayıb əməklə məşğuldur", - Musa Quliyev əlavə edib.
Qeyd edək ki, parlamentin bu gün keçirilən iclasında bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif edib.